AB Türkiyənin birliyə daxil olması ilə bağlı danışıqların intensivləşməsindən narahatdır. Bu, birliyin daha da genişlənməsinə yol aça və Ukraynanın üzvlüyünü çətinləşdirə bilər.
Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ-ın “Politico” qəzeti yazır.
Nəşrin iddiasına görə, Ukrayna AB-yə birinci daxil olsa, Türkiyə heç vaxt AB-yə üzv ola bilməyəcək.
Birliyin yüksək rütbəli rəsmilərinin fikrincə, CHP sədri Kamal Kılıçdaroğlu Türkiyənin növbəti prezidenti olsa və ölkəsinin AB-yə daxil olması ilə bağlı müzakirələri yeniləsə, bu, Ukraynanın üzvlüyü ilə bağlı çox həssas müzakirələri çətinləşdirə bilər. Eyni zamanda, bu məsələdə Kiyevin Ankaradan daha geniş siyasi dəstəyə malik olduğu bildirilib.
Brüsseldə və Avropa Birliyinin digər paytaxtlarında əmindirlər ki, Ukrayna və Qərbi Balkan ölkələri birliyə qoşulacaqları təqdirdə Türkiyənin AB-yə yolu birdəfəlik bağlanacaq. Nəşrin həmsöhbətlərindən biri deyib ki, Kiyevin üzvlüyü indi Rusiyanın başlatdığı genişmiqyaslı müharibə fonunda geosiyasi zərurət hesab olunur.
“Müəyyən bir nöqtədə Ukrayna və Qərbi Balkan ölkələrinin son genişlənmə olduğunu açıq şəkildə bildirməliyik. AB-nin həm Türkiyə, həm də Ukraynanın öhdəsindən gələ biləcəyini təsəvvür etmək mümkün deyil. Bazar buna dözməyəcək”, - adının açıqlanmasını istəməyən AB-nin yüksək rütbəli rəsmilərindən biri söyləyib.