Mayın 28-də Türkiyədə keçiriləcək prezident seçkilərinin ikinci turu üçün xaricdə yaşayan Türkiyə vətəndaşlarının səsverməsi davam edir.
Teleqraf.com-un məlumatına görə, Türkiyə Ali Seçki Şurasında bildirilib ki, xarici nümayəndəlik və sərhəd məntəqələrində başlayan səsvermə prosesində iştirak edən Türkiyə vətəndaşlarının sayı 1 685 421 nəfər olub. Xaricdəki nümayəndəliklərdə səsvermə prosesi mayın 24-də başa çatacaq.
Qeyd edək ki, mayın 14-də Türkiyədə keçirilən seçkilərdə prezidentliyə namizədlərdən heç biri 50 faizdən çox səs toplamadığı üçün səsvermənin ikinci turu mayın 28-də keçiriləcək. Bu mərhələdə Rəcəb Tayyib Ərdoğan və Kamal Kılıçdaroğlu mübarizə aparacaq və qalib səs çoxluğu ilə müəyyənləşəcək.