3 İyun 2023 11:16
1 899
12 Punto 14 Punto 16 Punto 18 Punto

Seçkilərdə qələbə qazanan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün Böyük Millət Məclisində (TBMM) andiçmə mərasiminə qatılacaq.

Teleqraf.com xəbər verir ki, prezident Azərbaycan vaxtilə saat 15:00-da and içəcək və vəzifəsinin icrasına başlayacaq.

Ərdoğan mandatını Türkiyə Böyük Millət Məclisinin müvəqqəti sədri Dövlət Bağçalıdan alacaq.

Türkiyə lideri mərasimdən sonra Ankarada Anıtkabiri (Mustafa Kamal Atatürkün məzarını) ziyarət edəcək.

Mərasimdə iştirak edəcək 21 dövlət başçısının adları aşağıdakı kimidir:

Azərbaycan Prezidenti İlham Əliyev, Venesuela Prezidenti Nikolas Maduro, Bolqarıstan Prezidenti Rumen Radev, Qabon Prezidenti Əli Bonqo Ondimba, Qvineya Bisau Prezidenti Umaro Sissoko Embalo, CAR Prezidenti Siril Ramafosa, Monteneqro Prezidenti Yakov Milatoviç, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev, Qırğızıstan Prezidenti Sadır Japarov, Konqo Prezidenti Denis Sassu NQuesso, Kosovo Prezidenti Vyosa Osmani, Kipr Prezidenti Ərsin Tatar, Şimali Makedoniya Prezidenti Stevo Pendarovski, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev, Ruanda Prezidenti Pol Kaqame , Seneqal Prezidenti Maki Sall, Somali Prezidenti Həsən Şeyx Mahmud, Toqo Prezidenti Fore Essozimna Qnassinqbe, Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov, Banqladeş Prezidenti Məhəmməd Şahabuddin Çuppu, Qvineya Prezidenti Mamadi Doumbuya.

İnauqurasiya mərasimində 13 ölkənin baş naziri, o cümlədən Pakistan Baş naziri Şahbaz Şərif, Macarıstan Baş naziri Viktor Orban, Ermənistan Baş naziri Nikol Paşinyan və Liviya Baş naziri Əbdülhəmid Dibeybe iştirak edəcək.

Mərasimdə Türk Dövlətləri Təşkilatının baş katibi Kubaniçbek Omuraliyev, NATO baş katibi Yens Stoltenberq, İslam Əməkdaşlıq Təşkilatının baş katibi Hüseyn İbrahim Taha da daxil olmaqla 8 beynəlxalq təşkilatın nümayəndələri də iştirak edəcək.

Mərasimə Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin və Çin Ümumçin Xalq Nümayəndələri Konqresi Daimi Komitəsinin sədr müavini Din Çunli də qatılacaq. Ümumilikdə 12 ölkə mərasimdə parlament sədri səviyyəsində təmsil olunacaq.

Bosniya və Herseqovina Prezident Şurasının sədri Jelka Sviyanoviç də mərasimə qatılanlar arasında olacaq.

Ümumilikdə 78 ölkədən yüksək səviyyədə qatılım gözlənilir.

Prezident Ərdoğan Çankaya Köşkündə xarici qonaqlarının şərəfinə şam yeməyi verəcək. Yeməkdən sonra onun yeni kabinet üzvlərini açıqlaması gözlənilir.


Müəllif: Mənsur Rəğbətoğlu