Britaniya mediası İranın Rusiyaya silah-sursat satdığı ilə bağlı müqaviləni əldə edib.
Teleqraf.com xəbər verir ki, Britaniyanın “Sky News” telekanalı sənədlə tanış olub.
14 sentyabr 2022-ci il tarixli, 16 səhifəlik sənəd həqiqidirsə, ümumi dəyəri 1 milyon dollardan çox olan artilleriya və tank mərmiləri, müxtəlif ölçülü raket nümunələri Rusiyaya satılıb.
“Bu, iranlılar və ruslar arasında döyüş sursatı ilə bağlı müqavilədir. Biz onun 100% orijinal olduğuna inanırıq”, - Britaniya təhlükəsizlik orqanlarındakı mənbə iddia edib.
“Sky News” telekanalı sənədləri mayda Böyük Britaniyaya səfəri zamanı Ukraynanın baş naziri Denis Şmıxala, eləcə də Böyük Britaniyanın xarici işlər naziri Ceyms Kleverliyə göstərib.
“Oxşar bir şeyin baş verdiyindən şübhələnirdik. Bunu düzgün yoxlayan kimi biz də uyğun şəkildə hərəkət edə biləcəyik. Müqavilə həqiqidirsə, bu, Rusiyanın hərbi təchizatının tükəndiyinin sübutudur”, - Ukraynanın Britaniyadakı səfiri Vadim Pristayko bildirib.