“Türkiyənin yeni Nazirlər Kabinetinin yeni xarici işlər naziri vəzifəsinə təyin edilən Hakan Fidan 13 il Milli Kəşfiyyat Təşkilatının (MİT) zirvəsində çalışıb. Fidan Türkiyənin fırtınalı illərində həm daxildə, həm də xaricdə üzləşdiyi çətinliklər və bu çətinliklərin öhdəsindən gəlmək bacarığına görə “sirr küpü” kimi Ərdoğanın yanında yer alıb. Onu belə adlandıran elə Ərdoğanın özüdür”.
Teleqraf.com xəbər verir ki, bunu Türkiyənin “Haber 7” saytının yazarı Məhmət Acət deyib.
“Sirr küpü” ifadəsi uzun illər - 14 il müxtəlif ən müxtəlif vəzifələri yerinə yetirərkən Ərdoğanın yanında olan İbrahim Kalın üçün də istifadə edilə bilərmi? Əslində Hakan Fidanla İbrahim Kalın “bir-birlərinin sirr küp”ü adlandırılsaydı, doğru olardı. Çünki hər ikisi kifayət qədər dövlət sirrinə sahibdirlər: bir çox məlum və ya naməlum missiyaları birlikdə yerinə yetirdiklərini bilirik. İbrahim Kalın daxili və xarici təhlükəsizlik məsələlərinə və siyasətlərinə yad deyil. Onun 14 il ərzində yerinə yetirdiyi vəzifələrin demək olar ki, hamısı təhlükəsizlik və kəşfiyyat məsələləri ilə iç-içədir. Şübhəsiz ki, onun bu sahədəki təcrübəsi MİT rəhbəri kimi yerinə yetirəcəyi çətin işdə ən mühüm üstünlüklərindən biri olacaq”, - jurnalist bildirib.
Acət İbrahim Kalının bu günə qədər üzərinə götürdüyü və əksəriyyəti xarici təhlükəsizlik sahəsinə aid olan vəzifələrdən bəzi nümunələr də verib:
“2015-ci ildə Türkiyə ilə Rusiya arasında təyyarə böhranının aradan qaldırılması prosesində Prezident Ərdoğanın xüsusi nümayəndəsi vəzifəsində çalışıb.
2017-ci ildə Prezident Ərdoğanın xüsusi nümayəndəsi kimi Qətər, Səudiyyə Ərəbistanı və BƏƏ arasında yaranmış gərginliyə həll yolu tapmaq üçün diplomatik təşəbbüslərlə çıxış edib.
Həmçinin tərəflərin danışıqlar üçün bir araya gətirilməsi prosesində, taxıl sazişinin imzalanmasında və Ukrayna müharibəsində əsir mübadiləsi anlaşmasında fəal rol oynayıb.
İsveç və Finlandiyanın NATO-ya üzvlük prosesində Türkiyə nümayəndə heyətinə rəhbərlik edib.
Prezidentin tapşırığı ilə Türk Dünyası, Balkan və Şimali Afrika ölkələri ilə əlaqələrin inkişaf etdirilməsi məqsədilə bu bölgələrə səfərlər edib.
Suriya və Liviya müharibəsində atəşkəs və siyasi həll üçün diplomatik danışıqlar zamanı Türkiyə nümayəndə heyətində yer alıb.
Aralıq və Egey dənizlərində Yunanıstanla mübahisələrin həlli üçün aparılan diplomatik danışıqlar proseslərində iştirak edib.
Türkiyənin Səudiyyə Ərəbistanı, İsrail, BƏƏ, Ermənistan, Suriya və Misirlə normallaşma proseslərində fəal rol oynayıb.
ABŞ, AB ölkələri, Rusiya, Çin və Hindistan kimi qlobal və regional aktorlarla ikitərəfli əlaqələrin inkişafına diplomatik töhfələr verib.
Bundan başqa, İbrahim Kalının son illərdə ABŞ-ın ən mühüm təhlükəsizlik strukturlarından biri sayılan və prezidentə ən yaxın adamlardan ibarət Milli Təhlükəsizlik Müşavirlərinin həmsöhbətinin olduğunu da bilirik. Bu, Tramp dövründə də, Baydenin dövründə də belədir”.
Jurnalist vurğulayıb ki, Ağ Evin milli təhlükəsizlik müşavirləri dəyişsə də, onların hamısı Ankarada işini Kalınla qurub:
“MİT Hakan Fidan dövründə Türkiyənin xarici siyasətinə güclü töhfələr verib. 2012-ci ildə Fidan bu missiya haqda belə demişdi: “Bu gün bir çox ölkələr problemlərinin açıq diplomatiya yolu ilə deyil, qapalı şəraitdə həllini istəyirlər”.
MİT-in yeni rəhbəri kimi İbrahim Kalının beynəlxalq əlaqələr və xarici siyasət sahəsindəki böyük təcrübəsinin bu baxımdan qarşıdakı dövrdə əhəmiyyətli töhfələr verməsi gözlənilir”.
Acət qeyd edib ki, Kalının Fidandan təhvil aldığı yeni vəzifəsində ən çox məşğul olacağı mövzulardan biri də həm daxildə, həm də xaricdə terrorla mübarizə olacaq:
“İbrahim Kalın bundan əvvəl prezidentin sözçüsü olduğu üçün daim diqqət mərkəzində olub. Tez-tez televiziya proqramlarında çıxış edib. İndi öhdəsinə götürdüyü missiya əsasən qapalı işləməyi və az danışmağı tələb edir”.