Pakistan Xarici İşlər Nazirliyinin sözçüsü Mümtaz Zəhra Bəluc İranın Səudiyyə Ərəbistanı və digər üç körfəz ölkəsiylə Hindistan və Pakistanın da iştirak edəcəyi dəniz ittifaqı yaratmaq ideyasının təklif gəldiyi zaman nəzərdən keçiriləcəyini açıqlayıb.
Teleqraf.com xəbər verir ki, Pakistan rəsmisi hələlik onlara belə bir təklifin gəlmədiyini deyib.
“Pakistana hər hansı təklif gələndə bunu nəzərdən keçirəcəyik. İndiki mərhələdə verilən açıqlamaya münasibət bildirməyəcəyik”, - Bəluc söyləyib.
İran Hərbi Dəniz Qüvvələrinin komandanı Şəhram İrani bu barədə iyunun 3-də açıqlama verib.
“Region ölkələri bu gün yalnız əməkdaşlığın regiona sülh gətirə biləcəyini anladılar”, - İrani vurğulayıb.
Çin belə bir ittifaqın “qlobal sülh və enerji təhlükəsizliyinə töhfə” verəcəyini bildirərkən, ABŞ bunun məntiqsiz olduğunu açıqlayıb.