“Ukraynanın cənubunda Rusiya qüvvələrinin və vasitələrinin əsas hissəsi bir növ paraleloqramda cəmləşib. Bunun mənası gözlənilməz durumda işğal olunmuş Krıma qaçış yollarını təmin etməkdir”.
Teleqraf.com xəbər verir ki, bunu ukraynalı hərbi-siyasi ekspert Aleksandr Kovalenko deyib.
“Paralleloqramın əsas ideyası Ukrayna ordusu tərəfindən müdafiə xətlərinin yarılması durumunda cənubdan ən rahat qaçışı təmin etməkdir. Belə bir struktur iki əsas logistika mərkəzi - Armyansk və Çonqar vasitəsilə işğalçı qrupun Krıma çıxmasını təmin edə bilir”, - Kovalenko vurğulayıb.
Ekspert Krımla Ukraynanın əsas hissəsi arasındakı Çonqar körpüsünün vurulmasına diqqət çəkib. Onun iddiasına görə, bu, sadəcə daha ciddi addımların başlanğıcıdır.
“Yaxın gələcəkdə işğalçılar çıxış yollarından birindən məhrum qala və bütün qoşunlarını Armyanskdan çıxararkən, “logistik cəhənnəm”ə düşə bilərlər”, - Kovalenko bildirib.
Ekspert qeyd edib ki, cənubda rus qoşunlarının nəhəng qruplaşmasının bağlana bilməsi ehtimalı var, bu, müasir müharibə tarixində analoqu olmayan hadisədir.
Rusiya bu gün səhər saatlarında Çonqar körpüsündə partlayış baş verdiyini, nəticədə yolun səthinin zədələndiyini açıqlayıb. Rusların iddiasına görə, körpü Ukrayna ordusu tərəfindən “Storm Shadow” raketi ilə vurulub.