Türkiyənin Kahramanmaraş vilayətində baş verən şiddətli zəlzələlərdən sonra diqqətin çevrildiyi İstanbul üçün xəbərdarlıqlar gəlməyə davam edir.
Teleqraf.com xəbər verir ki, yapon seysmoloq Yoşinari Morivaki də İstanbulda zəlzələ olacağı ilə bağlı xəbərdarlıq edənlər arasındadır.
Yapon mütəxəssis Türkiyədəki fay xətlərinin (qırılma xətti) şərqdən qərbə doğru hərəkət etdiyinə diqqət çəkib.
Morivaki Türkiyənin baş verə biləcək zəlzələlərdən ən az zərərlə çıxması üçün hamının birlikdə hərəkət etməli, mövcud binaların gücləndirilməsinin lazım olduğunu deyib.
“Şəhərsalmanı həyata keçirərkən yumşaq yerdən başlamaq lazımdır. Torpaq sərtdirsə, bina pis olsa belə, problem deyil”, - mütəxəssis bildirib.
Morivaki xatırladıb ki, İstanbul Şimali Anadolu Fay Xəttinin bir qolu üzərində yerləşir.
Fay xəttinin şimal qolunun Boğazın girişindən 20 kilometr cənubdakı nöqtədən – Silivridən Çanaqqalaya uzandığını söyləyən seysmoloq qeyd edib:
“Şimali Anadolu Fay Xəttinin şimal qolu var. Məncə, o qolun bu nöqtəsi təhlükəlidir. Bunun nə vaxt olacağını heç kim deyə bilməz, ancaq bir gün baş verəcək bu zəlzələdən az ziyanla çıxmağa hazır olmaq lazımdır”.
Yoşinari Morivaki keçən ilin dekabrında Kahramanmaraşda Şərqi Anadolu Fay Xəttinin qırılmağa başladığını və bunun bu vilayətə də təsir edə biləcəyini dediyini xatırladıb.
Türkiyədə fay xətlərinin şərqdən qərbə doğru hərəkət etdiyini bildirən seysmoloq bu durumda Mərmərə bölgəsinin risk altında olduğunu sözlərinə əlavə edib.