Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə Niderlandın Baş naziri Mark Rutte arasında telefon danışığı olub.
Teleqraf.comxəbər verir ki, telefon danışığı zamanı ikitərəfli əlaqələr, İsveçin NATO-ya üzvlük prosesi, Avropada Qurana qarşı təxribat xarakterli hərəkətlər, regional və qlobal məsələlər müzakirə edilib.
Gələn il Türkiyə-Niderland Dostluq Sazişinin 100-cü ildönümünün qeyd olunacağını xatırladan Prezident Rəcəb Tayyib Ərdoğan ikitərəfli əlaqələrin yüksək səviyyəli səfərlərlə taclanacağına inandığını bildirib.
Prezident Ərdoğan Niderlandın Baş naziri Rutteyə İsveçdə müqəddəs kitab Qurana qarşı edilən hücumlara fikir azadlığı adı altında haqq qazandıra bilməyəcəyini, edilənlərin açıq şəkildə ifadə cinayəti olduğunu bildirib.
İsveçin NATO-ya üzvlük prosesinin də müzakirə olunduğu görüşdə Prezident Ərdoğan İsveçin terrorla mübarizə qanunvericiliyində dəyişiklik edərək düzgün istiqamətdə addımlar atdığını, lakin terror təşkilatı PKK/PYD/YPG tərəfdarlarının sərbəst şəkildə fəaliyyətlərinə davam etdiyini vurğulayıb.