Çin lideri Si Cinpin rusiyalı həmkarı Vladimir Putinlə əməkdaşlığın nə qədər qeyri-sabit olduğunu “Vaqner” rəhbəri Yevgeni Priqojinin qiyamından sonra gördü. Bu durum Sinin hakimiyyətinə, eləcə də ABŞ və Avropa ilə münasibətləri yaxşılaşdırmaq səylərinə mənfi təsir göstərir.
Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ-ın “Nyu-York Tayms” qəzeti yazır.
Nəşr bildirir ki, Cinpin 10 il əvvəl Çin hakimiyyətinin zirvəsinə qalxanda Putinin simasında Qərbin hakim olduğu beynəlxalq sistemə qarşı düşmən mövqeyini bölüşən güclü lider görüb. Məqalədə qeyd olunur ki, liderlər ötən illərdə hakimiyyətlərinə təhdidlərə qarşı birləşərək, ölkələrinə nəzarətin qurulması və dünyanı öz avtoritar impulslarına uyğunlaşdırmaq üçün “ən yaxşı təcrübələr”ini bölüşüblər.
Çin lideri Putini “ən yaxşı və ən yaxın dost”u adlandırıb. Amma Priqojinin qiyamından Cinpinin Rusiya lideri ilə bağlı iddiası o qədər də etibarlı görünmür.
“Vaqner”in qiyamı ilə nəticələnən fəlakətli hərbi addımları Putin Rusiyasını nə olduğunu ifşa etdi – indi Çinlə sərhəddə zəifləmiş, gözlənilməz nüvə dövləti, hakimiyyət müddəti bitməyən problemli lider var. Amerika nəşri vurğulayır ki, buna baxmayaraq, Si Putindən tamamilə imtina edə bilməz. Bu münasibətlərə çox sərmayə qoyub, Rusiya Çin üçün faydalı olaraq qalır. Hazırda Qərbdə bu qədər narahatlığa səbəb olan münasibətlər pik həddə çatıb.
Amerikalı ekspertlərə görə, Si qlobal güc yarışında ABŞ-ı üstələmək kimi strateji məqsədinə çatmaq istəyirsə, Putinin zəifliyini də hesaba qataraq xarici siyasətini balanslaşdırmalıdır. Bu, Çinin Rusiya liderinə çox ağır zərbə vuran müharibəni bitirmək üçün təzyiqi, Çinin ABŞ və Tayvana qarşı potensial olaraq daha az aqressiv yanaşması anlamına gələ bilər.
Bununla belə, qəzet yazır ki, Si və Putin arasında dostluq münasibətlərinin artıq soyumağa başlaya biləcəyinə dair əlamətlər var. Pekin “Vaqner”in qiyamını “daxili məsələ” adlandırdı, amma Çin dövlət mediası uğursuz cəhdlə bağlı “həyəcan siqnalı” verdi. Məqalədə vurğulanır ki, Çin lideri indi kartı Putinə dəstək üçün oynasa, özü uduzacaq. Bu, Sinin xarici siyasəti ilə bağlı ölkə daxilində suallar yarada bilər ki, bu da Rusiya liderinin növbəti uğursuzluqlarla üzləşəcəyi təqdirdə daha da güclənə bilər.
Amerika nəşrinin iddiasına görə, Çin Ukraynadakı müharibə ilə bağlı mövqeyini düzəltməyə məcbur olacaq. Pekin indiyədək sülh üçün yalnız yarımçıq çağırışlar etməklə, müharibəni NATO-nun genişlənməsinin qarşısını almaq üçün haqlı və ya Qərbin təhrik etdiyi kimi göstərməklə Moskvaya üstüörtülü dəstək verib. Pekin həmçinin Çin-Rusiya ticarət əlaqələrini genişləndirərək, Qərbin sanksiyalarını kompensasiya edib və Moskvanı iqtisadi həyat xətti ilə təmin edib.
İndi isə Çin liderinin Putinin müharibəsini tam dəstəkləmədiyinə dair əlamətlər görünməyə başlayıb. Çin münaqişənin Vaşinqtonun diqqətini Pekinin təsirini genişləndirməyə çalışdığı Asiyadan yayındıracağına ümid edirdi, amma bu baş vermədi. ABŞ və müttəfiqləri Rusiyanın Ukraynaya müdaxiləsindən sonra Çinin periferiyasında hərbi mövcudluğunu artırıblar. Üstəgəl, Çinin texnologiyalara çıxışını məhdudlaşdırmaqda daha sıx birləşirlər.
Putin öz melodiyası ilə gedir. Amma Pekin artıq başa düşür ki, Ukraynada uzun sürən müharibə onun xarici siyasət gündəmini təhlükə altına qoya bilər. Sinin müharibəyə dair qeyri-müəyyən prinsiplər bəyanatlarından kənara çıxmaq və hərbi əməliyyatlara son qoymağa çağırmaq üçün Moskvaya olan unikal təsirindən istifadə etmək motivi var. Bunun əsas səbəblərindən biri Çinin Rusiyanı dəstəklədiyi üçün imicinə zərbə vuran Avropadır. Avropanın Çinlə biznes münasibətləri pisləşib, birbaşa xarici investisiyalar yavaşlayıb və Çinlə bağlı transatlantik koordinasiya güclənib.
Rusiyadakı problemlər Sinin Tayvanla bağlı planlarını da çətinləşdirir. Ukraynadakı müharibə göstərdi ki, sırf hərbi güc döyüş meydanında uğur qazanmağa zəmanət vermir. Bu baxımdan, Tayvan boğazında müharibənin başlaması Çin lideri üçün fəlakətli nəticələr verə bilər.
Qəzet onu da yazır ki, Qərbin, xüsusən də ABŞ-ın Çinə qarşı ritorikasının sərtləşdiyi vaxtda Sinin “yaxın dostu”na ehtiyacı var. Rusiya dünyada yeganə ölkədir ki, beynəlxalq sistemdə demokratik idarəçiliyi zəiflətməkdə Çinlə tərəfdaşlıq edir. Stabil əlaqələr quru sərhədi boyunca sabitliyi də təmin edir, bu əlaqələr Çinə güzəştli şərtlərlə Rusiya enerjisini, həmçinin ərzaq və hərbi texnikanı tədarük etməyə imkan verir. Hər iki tərəfin hər zamankı qalmasını gözləmək olar. Amma problemləri Çinin böyük planlarına əngəllər yaradan Putinlə yola davam etmək artıq Siyə çox şey qazandırmaya bilər.