Rusiya Prezidenti Vladimir Putin gələn il ABŞ-da keçiriləcək seçkilərə qədər Ukrayna ilə müharibə planlarını dəyişməyəcək. Rusiya lideri ümid edir ki, Prezident Co Baydenin seçkidəki məğlubiyyəti ABŞ-ı Ukraynaya dəstəyini azaltmağa və Rusiyanın danışıqlarda mövqeyini yaxşılaşdırmağa məcbur edəcək.
Teleqraf.com xəbər verir ki, bu barədə CNN ABŞ hökumətindəki mənbələrinə istinadən məlumat yayıb.
ABŞ rəsmilərindən biri kanala deyib ki, Putinin 2024-cü il seçkilərinə qədər dayanmayacağına şübhə etmirlər.
Kəşfiyyat məlumatları ilə tanış olan digər mənbə bildirib ki, Putin seçiləcəyi təqdirdə keçmiş prezident Donald Trampın ona kömək edəcəyini bilir.
Avropalı diplomatın fikrincə, Ukraynada müharibəni ABŞ seçkilərinə qədər uzatmaq Putinin planıdır.
CNN qeyd edir ki, ABŞ-da hələlik Putinin planları və onun müharibəni Trampın seçkilərdə qələbəsi ümidi ilə uzatmaq istəyi barədə dəqiq məlumat yoxdur. Amma gələn ilki seçki müharibənin 2024-cü ilin sonunadək davam edəcəyi ehtimalında əsas amil olaraq qalır.