Əfqanıstanda hakimiyyəti ələ keçirən Taliban İranla müharibəyə hazırlaşır.
Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ-ın “Blumberq” agentliyi məlumat yayıb.
Agentliyin iddiasına görə, Taliban kamikadzelərdən başqa yüzlərlə hərbi texnika da daxil olmaqla, ABŞ-dan qalan çoxlu sayda hərbi maşın və silahları İranla sərhədə göndərib.
Media qurumu məlumatlı mənbələrə istinadla İranın Hirmand çayına iddiası ilə bağlı Tehranla Kabil arasında mübahisəni gündəmə gətirib. Bu xəbərə görə, Tehran və Kabil arasında diplomatik təmaslara baxmayaraq, Taliban Prezident İbrahim Rəisinin hədəsindən sonra İranla müharibəyə hazırlaşır.
“Blumberq” qeyd edib ki, Taliban və İran arasında mümkün hərbi gərginliyin nəticələri regionda sabitliyə zərər verəcək.
May ayında da İran və Taliban arasında gərginlik artmışdı. O zaman İbrahim Rəisi Hirmanda çayının suyundan istifadə ilə bağlı Talibana xəbərdarlıq etmişdi: “Xalqımızın haqqının tapdalanmasına icazə verməyəcəyik və bu məsələ zamanın axarına tabe olan bir şey deyil. Sözlərimi ciddi qəbul edin ki, sonra şikayət etməyəsiniz”.
İran Əfqanıstan hökumətini Hirmand çayının suyundan birgə istifadəyə dair 50 illik razılaşmaya əməl etməməkdə, Sistan və Bəlucistan vilayətinin sakinlərinin hüquqlarını pozmaqda günahlandırır.
Rəisinin xəbərdarlığı Əfqanıstan hökumətinin kəskin reaksiyası ilə qarşılanıb. Taliban rəsmiləri İranın ittihamlarını rədd edib.
“Blumberq” məqaləsində digər məsələlərlə yanaşı, Rəisiyə sarı çəlləkdə su təklif edən və “Bizi qorxutma” deyən bir Taliban üzvünün İran prezidentinə istehzalı cavabına da yer verib.
Sarı çəlləklər Talibanın kamikadze hücumlarının simvoludur.
ABŞ agentliyi yazır ki, su uğrunda savaş sərhəd münaqişəsinə gətirib çıxarıb. Münaqişə İran prezidentinin hədəsindən bir həftə sonra Nimrozla Sistan və Bəlucistan əyalətlərinin sərhədində baş verib. Toqquşmalar zamanı 2 iranlı sərhədçi və Talibanın 1 üzvü həyatını itirib.
Sonrakı həftələr ərzində gərginliyin qaldırılması və su probleminin həlli üçün diplomatik səylər göstərilib. Amma “Blumberq”ə görə, diplomatik təmaslara baxmayaraq, Taliban müharibəyə hazırlaşır.