“Ukrayna ordusu 2024-cü ilin ortalarına qədər 25-30 F-16 qırıcısına sahib olacaq”.
Teleqraf.com xəbər verir ki, bunu ukraynalı hərbi ekspert Aleksey Hetman deyib.
Ekspertin fikrincə, bu sayda təyyarə Ukraynaya havada tam hökmranlıq etmək imkanı verməyəcək, amma cəbhənin rus ordusu üçün kabusa çevirməyə imkan yaradacaq.
“Anlayırıq ki, 20-30 ədəd belə qıfıcı ilə 2 min rus təyyarəsinə qarşı üstünlük təmin etməyəcək. Havaya tamamilə hakim olmaq üçün bizə bir neçə yüz lazımdır. Tərəfdaşlarımızın bunları göndərməsi mümkündür. Hazırda dünyanın müxtəlif ölkələrində 3 minə yaxın belə təyyarə istifadə olunur”, - Hetman bildirib.
Prezident Vladimir Zelenski bundan əvvəl Niderland Baş naziri Mark Rutte ilə danışıqlardan sonra Kiyevə 42 ədəd F-16 təyyarəsinin veriləcəyini açıqlayıb. Pilot və mühəndis hazırlığından sonra qırıcılar göndəriləcək.
Danimarka Baş naziri Mette Frederiksen də ölkəsinin Ukraynaya 19 F-16 verməyi planlaşdırdığını açıqlayıb.