Çin lideri Si Cinpin gözlənilmədən BRİKS-in Cənubi Afrika Respublikasında (CAR) keçirilən iqtisadi forumuna qatılmayıb.
Teleqraf.com CNN-ə istinadla xəbər verir ki, Çinin ticarət naziri Vanq Ventao forumda onun adından çıxış edib.
Çin dövlət mediası və rəsmiləri onun yoxluğu faktını ört-basdır etməyə çalışıblar.
Si Cinpin avqustun 22-də BRİKS-in illik sammitinin keçirildiyi Yohannesburqa gəlib. O, CAR, Braziliya və Hindistan liderləri, eləcə də Rusiya xarici işlər naziri Sergey Lavrovun da qatıldığı şam yeməyində iştirak edib. Amma Çin lideri sammitin özündə heç vaxt görünməyib.
Pekin Cinpinin tədbirdə olmadığını gizlətməyə çalışıb. Dövlət mediası çıxış edənin onun olmadığı barədə məlumat verməyib. Çin Xarici İşlər Nazirliyinin sözçüsü açıq şəkildə bildirib ki, Si BRİKS 2023 Biznes Forumunun bağlanış mərasimində çıxış edib. XİN-in digər rəsmisi brifinqdə Çin liderinin tədbirdə iştirakı ilə bağlı sualları qulaqardına vurub. Çin tərəfdən heç bir izahat verilməyib.