Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sentyabrda Rusiyaya səfərlə başlayacağı diplomatik təmaslarını G-20 sammiti və BMT Baş Assambleyasının toplantısında iştirakla davam etdirəcək.
Teleqraf.com xəbər verir ki, Türkiyə lideri sentyabrda sıx diplomatik trafik həyata keçirəcək.
Prezident Ərdoğanın ilk dayanacağı Rusiya olacaq. Sentyabrın 4-də Soçi şəhərində rusiyalı həmkarı Vladimir Putinlə görüşəcək. Görüşdə ən mühüm gündəm mövzusu Rusiyanın iyulun 17-də çıxdığı taxıl dəhlizi sazişi olacaq. Liderlər müqavilənin bərpası üçün atılmalı addımlar barədə fikir mübadiləsi aparacaq.
Rusiya-Ukrayna müharibəsindəki son gəlişmələrin də müzakirə olunacağı görüşdə iki ölkə arasında enerji, ticari, iqtisadi və turizm əlaqələri müzakirə olunacaq.
Prezident Ərdoğan sentyabrda keçiriləcək iki beynəlxalq sammitdə də Türkiyəni təmsil edəcək. Sentyabrın 9-10-da keçiriləcək G-20 toplantısında iştirak etmək üçün Hindistanın paytaxtı Dehliyə gedəcək. Ərdoğanın sammitdə qlobal ticarətin inkişafı istiqamətində atılan addımlar, terrorizmlə mübarizədə beynəlxalq əməkdaşlıq və iqlim dəyişikliyi ilə bağlı mesajlar verməsi gözlənilir.
Türkiyə lideri 17-21 sentyabr tarixlərində ABŞ-ın Nyu-York şəhərində keçiriləcək BMT Baş Assambleyasının sammitinə qatılacaq. ABŞ-a səfəri çərçivəsində BMT Baş Assambleyasında çıxış edəcək Ərdoğanın ilk növbədə Rusiya-Ukrayna müharibəsi, Suriya, Fələstin və Şimali Kipr Türk Cümhuriyyətindəki son gəlişmələr, terrorla mübarizə, qaçqın problemi və iqlim dəyişikliyi ilə mübarizə məsələlərinə yer verəcəyi gözlənilir.