7 Sentyabr 2023 16:27
2 033
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya qüvvələrinin Ukraynada bir neçə istiqamətlərdə geri çəkilməsindən sonra “Rusiç” adlı qruplaşmasının döyüşməkdən imtina etdiyi bildirilir. İddiaya görə, qruplaşma Rusiya hərbi-siyasi rəhbərliyinə etiraz olaraq bu addımı atıb.

Teleqraf.com xəbər verir ki, “Rusiç” və Rusiya Müdafiə Nazirliyindən qruplaşmanın döyüşləri dayandırması ilə bağlı rəsmi açıqlama verilməyib.

Amerikalı analitik Jeff Houn deyib ki, muzdluların silahlarını yerə qoyma ehtimalı çox yüksəkdir. Onun sözlərinə görə, üsyan muzdlular arasında motivasiyanın olmaması və Moskvanın qruplaşmaya nəzarət edə bilməməsi ilə bağlıdır. Houn bunun “Rusiç”in liderinin həbsi ilə bağlı olmadığını da söyləyib.

“Böyük ehtimalla, uşaqlar kənarlaşmaq üçün bəhanə axtarırlar. Anlayırlar ki, Ukrayna dağılıb təslim olmayacaq”, - amerikalı analitik söyləyib.

Houn qeyd edib ki, Yevgeni Priqojinin liderliyindəki “Vaqner” uzun müddət Ukraynada fəaliyyət göstərən digər rus qruplaşmaları üçün təşkilatçı kimi xidmət edib. Priqojin öz muzdlularına yaxşı və dollarla maaş vermək ənənəsi formalaşdırmışdı, bu, Ukraynada döyüşən digər qruplaşmalara qədər çatmışdı.

“Sərt və cinayətkar kimi şöhrət qazanmasına baxmayaraq, Priqojin öz muzdlularına yaxşı baxır, onlara çox pul ödəyir və xarici valyuta ilə işləyirdi. Amma qruplaşmanın uğursuz qiyamından və Moskvanın “Vaqner”i dağıtmaq cəhdlərindən sonra Priqojinin Ukraynadakı silahlı kollektivinin iş durumu pisləşdi. İndi maaş alırlarsa, yəqin ki, ödənişlər rublla edilir”, - Houn bildirib.

Bununla belə, analitik vurğulayıb ki, hazırda Rusiyada Priqojin kimi hakimiyyətə birbaşa meydan oxumaq iradəsi və bacarığı olan heç kim yoxdur. Onun sözlərinə görə, indi “Vaqner”in lideri olmadığından Moskva üçün Ukraynadakı qruplaşmalara nəzarət çətinləşəcək.

"Rusiç"in lideri Yan Petrovski Norveçdə həbs olunub. Onun həm Rusiya, həm də Norveç vətəndaşlığı var.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər