Britaniyanın “Financial Times” nəşri G-20-nin Dehlidəki son sammitində gündəmə gətirilən və qəbul edilən Hindistan-Yaxın Şərq-Avropa ticarət dəhlizi projesi ilə bağlı diqqətçəkən təhlil yayımlayıb.
Teleqraf.com xəbər verir ki, qəzet Ankaranın Türkiyədən yan keçən dəhlizə alternativ yaratmaq üçün təzyiq göstərməyi planlaşdırdığını yazır.
“Ankara Asiyadan Avropaya malların daşınmasında ənənəvi rolunu saxlamağı hədəfləyir. Türkiyə bu ay G-20 Sammitində qəbul edilmiş Hindistan-Yaxın Şərq ticarət dəhlizinə alternativ yaratmaq üçün intensiv danışıqlar aparır”, - təhlildə vurğulanır.
Britaniya nəşri Prezident Rəcəb Tayyib Ərdoğanın bu planı bəyənmədiyini bildirir. Malların yeni dəhlizlə Hindistandan əvvəlki kimi İraq və Türkiyə üzərindən yox, Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı, İordaniya və İsrail vasitəsilə Avropa bazarlarına çatdırılması nəzərdə tutulur. Həmçinin təhlildə qeyd olunur ki, yeni dəhlizi dəstəkləyən ABŞ və Avropa Birliyi (AB) Çinin bölgədəki təsirini azaltmağı hədəfləyir.
“Financial Times”a danışan Türkiyə xarici işlər naziri Hakan Fidan mövzu ilə bağlı belə deyib:
“Mütəxəssislər Hindistan-Yaxın Şərq dəhlizinin məntiqli və effektiv olmasına şübhə ilə yanaşırlar. Geostrateji narahatlıqlar daha böyükdür. Ticarət yolu təkcə ticarət demək deyil. Bu, həm də geostrateji rəqabətin əksidir”.
Fidan həmçinin İraq, Qətər və BƏƏ ilə intensiv danışıqlar apardığını və alternativ yol xəttinin yaradılması istiqamətində müzakirələrin davam etdiyini deyib.
Yeni 17 milyard dollarlıq planda nəqliyyat xətti İraq limanlarından və ərazisindən Türkiyəyə çatacaq. Plana uyğun olaraq 1200 kilometrlik yüksək sürətli qatar xətti çəkiləcək və proses üç mərhələdə tamamlanacaq. Layihənin 2050-ci ildə başa çatdırılması gözlənilir.
“Financial Times”a danışan ekspertlər bu layihədə bəzi maliyyə və təhlükəsizlik problemlərinin ola biləcəyini söyləyiblər. Ekspertlər Türkiyənin iqtisadi vəziyyətinin bu layihəni dəstəkləmək üçün yetərli olmaya biləcəyini desəyərkən, İraqda təhlükəsizlik problemlərinin maneələr yarada biləcəyinə də diqqət çəkirlər. İraq zəif infrastruktur, zəif hökumət və siyasi qeyri-müəyyənliklə yanaşı, maliyyə çətinlikləri yaşayan ölkə kimi təsnif edilir.
Nəşr G-20 Sammitində gündəmə gətirilən Hindistan-Yaxın Şərq dəhlizinin reallaşmasının onilliklər çəkə biləcəyini deyirlər.
“Türkiyə ABŞ, AB, Rusiya və Çinlə möhkəm əlaqələr quraraq Şərqlə Qərb arasında strateji xətt çəkir. Bu yanaşma bəzən Qərblə gərginliyə səbəb olur. Bu həftə Rusiya-Ukrayna müharibəsinə görə bəzi türk şirkətlərinə qarşı sanksiyalar tətbiq edilib”, - təhlildə vurğulanır.
G-20 toplantısından sonra Prezident Ərdoğan mövzu ilə bağlı açıqlama verib. Çinin “Bir Kəmər, Bir Yol” layihəsini xatırladan Ərdoğan bu istiqamətdə irəliləyiş olduğunu vurğulayıb.
Türkiyə prezidenti Hindistan Baş naziri Narendra Modinin gündəmə gətirdiyi yeni yol xətti ilə bağlı belə söyləyib:
“Türkiyəsiz dəhliz yoxdur. Türkiyə mühüm istehsal və ticarət bazasıdır. Şərqdən Qərbə nəqliyyat üçün ən uyğun xətt Türkiyə ərazisindən keçir”.