Afrikada baş verən təbii fəlakət onlarla insanın ölümü, minlərlə insanın öz yurd-yuvasın tərk etməsi ilə nəticələnib. Belə ki, Mozambikdə tüğyan edən daşqınlar səbəbindən azı 35 nəfər dünyasını dəyişib, 20 minədək sakin isə təbii fəlakət zonasını tərk etmək məcburiyyətində qalıb.
Teleqraf.com-un “RİA Novosti” agentliyə istinadən məlumatına görə, ölənlərdən 17 nəfəri Zambeziya əyalətində, 18 nəfər isə ölkənin şimal rayonlarında həlak olub.
Daşqınların baş verdiyi rayonlarla əlaqənin pozulması səbəbindən təbii fəlakət qurbanlarının sayının artacağı istisna olunmur.
Yanvarın 11-dən ölkədə fövqəladə vəziyyət elan olunub. Daşqınlar, ümumilikdə, 400 minədək sakinə ziyan vurub. Yolların yararsız vəziyyətə düşməsi səbəbindən xilasedicilər lazımi əşyaları və ərzaq mallarını əhaliyə helikopterlər vasitəsilə çatdırmağa çalışır.
Qonşu Malavidə daşqınlar nəticəsində ölənlərin sayı 48 nəfərə çatıb, 23 min sakin evsiz qalıb.
Sinoptiklər leysan yağışların hələ bir neçə gün davam edəcəyini proqnozlaşdırır.