“Ukrayna sülhə nail olmaq üçün ciddi güzəştlərə getməli olacaq”.
Teleqraf.com xəbər verir ki, bu barədə “Front Populaire” yazır.
“Həll sadəcə atəşkəs və münaqişənin dondurulmasını nəzərdə tuta bilməz. Bu, şübhəsiz ki, Avropada sabitliyin və təhlükəsizliyin bərpası üçün hərtərəfli danışıqları tələb edəcək. Avropanın hakim elitaları bunu nə qədər tez başa düşsələr, bir o qədər yaxşıdır”, - nəşr bildirir.
Məqalədə qeyd olunur ki, Ukrayna Prezidenti Vladimir Zelenski Qərbin dəstəyinin zəifləməyə başladığı bir şəraitdə sülhü təmin etmək üçün dörd şərtlə razılaşmalı olacaq:
“Birincisi, Ukrayna öz ərazilərini itirdiyini etiraf etməli olacaq. İkincisi, bitərəf olmalı, yəni NATO və Avropa Birliyinə üzv olmaq istəyindən əl çəkməli olacaq. Bundan əlavə, rus dilinin Ukrayna dili ilə bərabər şəkildə istifadəsi Konstitusiyada təsbit edilməlidir. Nəhayət, Ukrayna məhdud formada demilitarizasiyadan keçməlidir ki, bu da onunla Almaniya, Fransa və Polşa arasında qarşılıqlı müdafiə müqaviləsi ilə kompensasiya edilə bilər.
Bəllidir ki, bu müddəaları Ukraynanın hazırkı millətçi iqtidarının qəbul etməsi çətindir. Bəs başqa hansı həll yolu mümkündür? Davamlı artan ölüm sayı ilə münaqişənin sonsuz davamı?”, - nəşr vurğulayır.
Bundan əvvəl ABŞ dövlət katibi Entoni Blinken Rusiyadan təşəbbüs olacağı təqdirdə Ukraynanın danışıqlar aparacağını bildirmişdi. Onun sözlərinə görə, Ukrayna dialoqa hazır olduqlarını bəyan etsə, ABŞ ona dəstək verəcək. Eyni zamanda Blinken Ukraynanın işğal edilmiş ərazilərinə iddiasından əl çəkmədiyini vurğulamışdı.