Səudiyyə Ərəbistanı vəliəhdi Məhəmməd bin Salman Rusiya Prezidenti Vladimir Putinin Ər-Riyad səfərindən əvvəl Böyük Britaniyaya səfərini təxirə salıb.
Teleqraf.com xəbər verir ki, bu barədə “Financial Times” Britaniya rəsmilərinə istinadla yazır.
Nəşrin məlumatına görə, iki krallığın rəsmiləri bir neçə ay səfərlə bağlı müzakirələr aparıb, sonda London dekabrın əvvəli üzərində dayanıb. Amma ötən həftə bu plan təxirə salınıb.
Rəsmilər qəzetə deyiblər ki, Putinin Ər-Riyad səfəri ilə az qala üst-üstə düşən səfərin təxirə salınması Britaniyanın Səudiyyə ilə münasibətlərinin möhkəmliyinə dair suallar doğurub.
Səudiyyə rəsmiləri planın təxirə salınması ilə Putinin Ər-Riyadda qəbulu arasında əlaqəni inkar edirlər.
Britaniya Mühafizəkarlar Partiyasının deputatı Robert Korts Səudiyyə şahzadəsinin səfərinin təxirə salınmasının narahatlıq doğurduğunu, bunun Putinin koordinasiyalı diplomatik hücumu qarşısında Britaniya üçün “diplomatik uğursuzluq” olduğunu bildirib.
“Britaniya dövlətlərin strateji rəqiblərimizə doğru sürüklənməsinin qarşısını almaq üçün təcili olaraq xarici və müdafiə siyasəti və strategiyasına yenidən baxmalıdır”, - Korts söyləyib.
Britaniyanın dövlət katibi Devid Lammiyə görə, Səudiyyə vəliəhdinin Londona səfəri ilə bağlı baş verənlər Baş nazir Rişi Sunakın rəhbərliyi altında Britaniyanın dünyada təsirinin getdikcə zəiflədiyinə işarədir.
Mühafizəkarlar Partiyasının keçmiş lideri İon Dankan Smit nəşrə deyib ki, Salmanın səfərinin Putinə görə təxirə salınması hörmətsizlikdir.
Rusiya lideri dekabrın 6-da Birləşmiş Ərəb Əmirlikləri və Səudiyyə Ərəbistanına səfər edib.