Pakistanın Əfqanıstanla həmsərhəd Xeybər Paxtunxva vilayətində təhlükəsizlik məntəqəsinə bomba yüklü avtomobillə hücum edilib.
Teleqraf.com xəbər verir ki, bu barədə Pakistan ordusu məlumat yayıb.
Hücumda 23 pakistanlı hərbçi həlak olub, 6 yaraqlı isə zərərsizləşdirilib.
Bombanın təsirindən yaxınlıqdakı binanın çökməsi nəticəsində ölənlər və yaralananlar var.
Digər tərəfdən, Pakistanın təhlükəsizlik qüvvələri Darazinda və Qulaçi qəsəbələrində silahlılara qarşı əməliyyat keçirib.
Darazinda 17 silahlı zərərsizləşdirilib. Qulaçidəki toqquşmada 2 pakistanlı hərbçi həlak olub, 4 yaraqlı isə məhv edilib.
Pakistan ordusu yaraqlıların hansı təşkilatın üzvü olduğu barədə məlumat verməyib.
Bu il Pakistanda, xüsusilə Xeybər Paxtunxva və Bəlucistan əyalətlərində terror aktlarının sayı artıb. Rəsmi İslamabad hücumların Əfqanıstanda yerləşən “Pakistan Talibanı” (TTP) tərəfindən planlaşdırıldığını və idarə olunduğunu bildirərkən, Kabil bu iddiaları qəbul etmir.