19 Dekabr 2023 11:46
2 288
12 Punto 14 Punto 16 Punto 18 Punto

Almaniya, ABŞ, Böyük Britaniya və Fransa İranı ballistik raketlər hazırlamaqda və sınaqdan keçirməkdə, yüzlərlə dronu Rusiyaya ötürməkdə və nüvə silahı proqramı olmayan bir ölkə üçün uranı görünməmiş səviyyədə - 60 faiz zənginləşdirməkdə ittiham edib.

Teleqraf.com xəbər verir ki, kəskin fikir mübadiləsi BMT Təhlükəsizlik Şurasının iclasında olub.

İran və Rusiyanın BMT-dəki səfirləri Əmir İrəvani və Vasili Nebenziya mövcud qarşıdurmanı ABŞ-ın nüvə sazişindən çıxması, Qərbin sanksiyaları və anti-İran mövqeyi ilə əlaqələndirib.

İrəvani deyib ki, İran uranı dinc məqsədlər üçün zənginləşdirir. Nebenziya isə Rusiyanın Ukraynada İran PUA-larından istifadə etdiyinə dair iddiaları rədd edib.

BMT-nin siyasi nümayəndəsi Rozmari Di Karlo vurğulayıb ki, baş katib Antonio Quterreş hələ də beynəlxalq nüvə sazişini (JCPOA) İranın nüvə proqramının dinc xarakterli qalmasını təmin etmək üçün ən yaxşı variant sayır. O, İranı kursundan dönməyə çağırıb, eyni zamanda Tehranın zənginləşdirilmiş uran ehtiyatlarının JCPOA limitindən 22 dəfə artıq olduğunu bildirib.

“İranın nüvə proqramı ilə bağlı heç bir etibarlı mülki əsaslandırma yoxdur”, - Britaniya, Fransa və Almaniyanın nümayəndələri söyləyiblər.

Qeyd edilib ki, hazırkı trayektoriya İranı yalnız nüvə silahı ilə bağlı imkanlarını artırmağa yaxınlaşdırır.

ABŞ-nin BMT-dəki rəsmi nümayəndəsi Con Kelli İranın nüvə silahı hazırlamasının qarşısını almaq üçün bütün vasitələrdən istifadə edəcəklərini vurğulayıb.

“İran beynəlxalq etimadın yaradılması və gərginliyin azaldılması üçün tədbirlər görməli və nüvə silahlarının yayılmasında ciddi risklər yaradan təxribatları dayandırmalıdır”, - Kelli qeyd edib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər