İsrailin 7 oktyabrdan bəri Qəzza zolağına intensiv hücumlarında 55 min ev tamamilə dağılıb, 23 xəstəxana isə xidmətdən çıxıb.
Teleqraf.com xəbər verir ki, Fələstin hökumətinin Qəzzadakı mətbuat ofisindən edilən yazılı açıqlamada, İsrailin Qəzza zolağında 2,5 aydan çox müddətdir davam edən hücumlarında can və mal itkiləri ilə bağlı yenilənmiş məlumatlar paylaşılıb.
Bəyanatda İsrail ordusunun Qəzza və Şimal əyalətlərində 137-dən çox fələstinlini edam etdiyini göstərən şahidlərə əsaslanan məlumatlar yer alıb.
Açıqlamaya görə, İsrailin Qəzza zolağına 78 gün ərzində təşkil etdiyi hücumlarda ən azı 8 min 200-ü uşaq, 6 min 200-ü qadın olmaqla 20 min 258 nəfər həlak olub, 53 min 688 nəfər isə yaralanıb. Ölənlər arasında 310 səhiyyə işçisi, 35 mülki müdafiə işçisi və 100 jurnalist var.
Hücumlar zamanı yıxılan binaların dağıntıları altında və ya yol kənarında olan 7 minə yaxın insan itkin düşüb, onların taleyi məlum deyil, onların 70 faizini qadın və uşaqlar təşkil edir.
İsrail qüvvələri indiyədək azı 101 həkim və tibb işçisi və 8 jurnalist də daxil olmaqla 2600 nəfəri saxlayıb.