ABŞ-nin Respublikaçılar Partiyasından prezidentliyə namizədlərdən biri Nikki Heyli Qəzzadakı fələstinlilərin HƏMAS tərəfdarı ölkələrə getmələrini təklif edib.
Teleqraf.com xəbər verir ki, siyasətçi çıxışında Türkiyənin də adını çəkib.
“Həmişə dediyim kimi, Qəzzadan olan fələstinlilər Rəfah sərhəd-keçid məntəqəsindən Misirə keçməli, oradan da Qətər, İran və Türkiyə kimi HƏMAS tərəfdarı ölkələrə getməlidir.
Uşaqları ilə birlikdə can dərdində olan qəzzalılar Misirə belə gedə bilmirlər, Qətərə necə gedəcəklər? Niyə Misir onları qəbul etmir? Çünki bilmir ki, kim terrorçudur, kim deyil”, - Heyli deyib.
Ərəb ölkələrinin İran təhdidinə qarşı həmişə tədbir gördüyünü söyləyən siyasətçi dünyanın İsraili tənqid etmək əvəzinə, fələstinlilərə kömək etmək üçün Türkiyə, İran və Qətərlə danışmasının lazım olduğunu iddia edib.
Nikki Heyli keçmiş prezident Donald Trampın dövründə iki ilə yaxın ABŞ-nin BMT-dəki daimi nümayəndəsi vəzifəsində çalışıb.