ABŞ dövlət katibi Entoni Blinkenin Ankarada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və xarici işlər naziri Hakan Fidanla görüşü dünya mediasının diqqətini çəkib.
Teleqraf.com xəbər verir ki, “Bloomberg” agentliyi ABŞ-nin İsrail-HƏMAS müharibəsinin genişlənməsinin qarşısını almaq üçün Türkiyəyə ehtiyacının olduğunu yazıb.
“İsrailin Qəzza zolağında HƏMAS-la müharibəsi dördüncü aya yaxınlaşdığı bir vaxtda Birləşmiş Ştatlar daha geniş münaqişə riskini azaltmaq üçün İran da daxil olmaqla, regional təsirindən istifadə etmək üçün Türkiyəyə əl uzadır”, - məqalədə deyilir.
ABŞ rəsmisi “Bloomberg”ə deyib ki, Vaşinqton müharibədən sonra Qəzzanın idarə edilməsinə dair planı üçün Ankaradan dəstək almaq istəyir.
“Time” Blinkenin Yaxın Şərq turnesinə Türkiyədən başladığını yazıb:
“İsrailin Qəzzada HƏMAS-a qarşı apardığı müharibənin daha geniş savaşa çevrilə biləcəyi qorxusu artdıqca, ABŞ dövlət katibi Antoni Blinken Yaxın Şərqdəki son diplomatik missiyasına Türkiyədən başlayıb”.
“Al Jazeera” Amerikanın baş diplomatının Türkiyə ilə bağlı bu fikirlərinə yer verib:
“Türkiyədə bu ölkənin Yaxın Şərqdə münaqişənin yayılmasının qarşısını almaq üçün öz nüfuzundan və əlaqələrindən istifadə edərək nə edə biləcəyinə daha çox diqqət yetirdik”.
“The New Arab” da qeyd edir ki, Blinken Türkiyə prezidenti ilə Qəzzadakı müharibə, İsveçin NATO-ya üzvlüyü və Ankaraya F-16 qırıcılarının satışını müzakirə edib.
ABŞ dövlət katibinin həmkarı Hakan Fidanla görüşündə müzakirə edilən məsələlərdən biri Azərbaycan-Ermənistan sülh müqaviləsi olub.