İsrail rəsmilərinin ABŞ Prezidenti Co Baydenin baş müşaviri Amos Hokşteynə diplomatik səylərin nəticəsiz qalacağı təqdirdə “Hizbullah” terror təşkilatına qarşı hərbi əməliyyata əl atmaqda qərarlı olduqlarını bildirdikləri iddia olunur.
Teleqraf.com xəbər verir ki, bu barədə İsrailin “Yedioth Ahronot” qəzetinin məlumatında deyilir.
İsrail rəsmiləri Hokşteynə deyiblər ki, gərginlik diplomatiya yolu ilə aradan qaldırılmasa, “Hizbullah”ı Livanın cənubundan (İranın bölgədəki qalası hesab olunur - red.) çıxarmaq üçün savaşa başlamaqda qərarlıdırlar. Rəsmilər bölgədən təxliyə edilən israillilərin evlərinə dönə bilmələri üçün şimal sərhədində təhlükəsizliyin bərpa edilməsinin lazım olduğunu vurğulayaraq, əks halda israillilərin geri qayıtmaqdan imtina edəcəklərini söyləyiblər.
Baydenin müşaviri HƏMAS-ın yüksək rütbəli rəsmisi Saleh əl-Arurinin Livanın paytaxtı Beyrutda öldürülməsindən sonra “Hizbullah”la artan gərginliyi azaltmaq üçün Təl-Əvivə getmişdi. O, burada İsrail Baş naziri Benyamin Netanyahu və müdafiə naziri Yoav Qallantla görüşmüşdü.
İsrailin keçmiş xarici işlər naziri Eli Koen və Hərbi Kabinetin üzvü Benni Qantz “Hizbullah”la gərginlik diplomatik yolla həll edilməyəcəyi təqdirdə alternativ addımlar atacaqlarını açıqlamışdı.
Oktyabrın 8-dən İsrail ordusu ilə İran dəstəkli “Hizbullah” terror təşkilatı arasında vaxtaşırı toqquşmalar baş verir. Bu qarşıdurmalarda 129 “Hizbullah” terrorçusu, 9 İsrail hərbçisi həyatını itirib, mülki itkilər də var.
İsrailin yanvarın 2-də Beyrutda “Hizbullahın qalası” kimi tanınan Dahiyədə HƏMAS-ın ofisini hədəfə aldığı iddia olunur. Hücum nəticəsində HƏMAS Siyasi Bürosunun rəhbərinin müavini Saleh əl-Aruri öldürülüb. Bu, “Hizbullah” və İsrail arasında toqquşmaya səbəb olub və baş verənlərin regional müharibəyə çevrilə biləcəyi ilə bağlı narahatlığı artırıb.