Ukraynanın Avdiv şəhərini mühasirəyə almaq cəhdləri Rusiya ordusunun əsas missiyalarından biridir.
Teleqraf.com xəbər verir ki, bu barədə Böyük Britaniya Müdafiə Nazirliyinin kəşfiyyat məlumatında deyilir.
“Son bir həftə ərzində nə Rusiya, nə də Ukrayna qüvvələri mühüm mövqe tutub. Dekabrın sonunda Marinin ələ keçirilməsində irəliləyişlərə baxmayaraq, Rusiya nə qərbə Kuraxovoya, nə də cənuba Novomixaylivkaya doğru irəliləyərək üstünlük təmin edə bilib”, - Britaniya kəşfiyyatı qeyd edir.
Eyni zamanda, məlumatda vurğulanır ki, Avdivin mühasirəsi Rusiyanın cəhdlərinin əsas istiqaməti olaraq qalır. Amma texnika və şəxsi heyət baxımından ciddi itkilərə baxmayaraq, Rusiya şəhər istiqamətində çox cüzi irəliləyib.
Bundan əlavə, şimaldakı Stepov şəhəri - Avdivə logistik təchizat marşrutu Ukraynanın nəzarəti altında qalır.
Britaniya kəşfiyyatı hesab edir ki, ən azı gələn həftə Rusiyanın şəhəri mühasirəyə almaq cəhdləri baş tutmayacaq.
Eyni zamanda, Ukraynanın piyada qüvvələri Rusiya ordusunun təzyiqinə və həmlələrinə baxmayaraq, Dnepr çayının sol sahilində Krınıkda körpünü özündə saxlayır.
“Çox güman ki, gələn həftə də bu ərazi uğrunda mübarizəni davam etdirəcəklər”, - kəşfiyyat əlavə edir.