İran Pakistana qarşı təxribatçı fəaliyyətlərini davam etdirsə, ödəyəcəyi bədəl çox ağır olacaq.
Teleqraf.com xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib.
Onun sözlərinə görə, Pakistan İranın təcavüzkar ambisiyasını yerindəcə cilovladı:
“İranın Pakistanın suverenliyini pozaraq, bu ölkənin ərazisindəki “terrorçu qruplaşmanın mövqeləri”nə zərbə endirməsi iki ölkə arasında münasibətləri gərginləşdirib. Artıq Pakistan Tehrandakı səfirini geri çağırıb, ordusunu hər etimala qarşı hazır vəziyyətə gətirib.
Pakistan İranın təcavüzkar addımına cavab verməyə məcbur oldu. İran bununla “qonşularının ərazisində hərbi əməliyyatlar keçirmək legitimliyi” əldə etmək istəyirdi. Eyni zamanda, İraqdan sonra Pakistanı hədəfə almaqla regionda “yeni güc” olduğunu göstərməyə çalışırdı. Amma Pakistan İrana yerini göstərdi, onun bu iddiasını rüşeymində öldürdü.
Pakistanın cavab zərbəsi daha sərt oldu. Üstəgəl, Tehranın addımı münaqişə üçün həssas olan Sistan-Bəlucistanda qarşıdurma mühiti yaratdı. Artıq bölgədə SEPAH-ın bir neçə hərbçisi və yüksək rütbəli zabiti silahlı bəkuclar tərəfindən öldürülüb. Tehran ambisiyasını davam etdirsə, qarşısına təkcə Pakistan yox, hazır vəziyyətdə gözləyən Əfqanıstan da çıxacaq.
Bir sözlə, Pakistanın sərt cavabı İranın bölgədə “söz sahibi” olmaq ambisiyasının üstündən xətt çəkdi. Pakistan regionda “yeni güc” və qonşu ölkələrin onunla hesablaşmalı olduğu iddiasında olan İranı yerində oturtdu. İslamabaddan Tehrana belə bir xəbərdarlıq da edilib: belə addımlar davam etsə, nəticələri çox ağır olacaq”.