Ukraynada müharibə tərəflər arasında dialoqun olmamasına görə yox, sırf Rusiya Prezidenti Vladimir Putinin bu dövləti tamamilə məhv etmək istəyinə görə başlayıb.
Teleqraf.com xəbər verir ki, bunu Almaniya Kansleri Olaf Şolz deyib.
Kansler Putinin, bütövlükdə Rusiya rəhbərliyinin imperiya ambisiyasına əsaslanan bəyanatlarını xatırladıb. Şolz qeyd edib ki, məhz Rusiya dialoqdan müharibəyə keçməyə qərar verib.
“Müharibənin başlaması ərəfəsində müzakirələrdə çatışmazlıq yox idi. Təkcə Minsk və Normand formatlarında 200-dən çox görüş keçirilmişdi. Nəticəni hamımız bilirik: Rusiyanın bütün Ukraynaya amansız və qanunsuz hücumu”, - kansler bildirib.
Şolzun fikrincə, müharibəni hər an yalnız Putin dayandıra bilər, bunun üçün sadəcə qoşunlarını Ukraynadan çıxarmalıdır:
“Ukraynalılar özlərini müdafiə etməyi dayandırsalar, bu, Ukraynanın sonu olacaq. Ona görə də Rusiyaya birgə mesajımız belə olmalıdır: yaşaması və suverenliyini qoruyub saxlaması üçün mübarizə aparan Ukraynanı nə qədər lazımdırsa, dəstəkləyəcəyik”.