Şimali Koreya lideri Kim Çen In yaxın aylarda Cənubi Koreyaya qarşı ölümcül addımlar ata bilər.
Teleqraf.com xəbər verir ki, bu barədə “Nyu-York Tayms” qəzeti məlumat yayıb.
ABŞ rəsmiləri ölkələr arasında mümkün hərbi toqquşmadan narahatdır. Nəşrin həmsöhbətlərinin fikrincə, Kim Çen Inın sərtləşən ritorikası hazırlanan təxribatların bir hissəsidir və buna ciddi yanaşmaq lazımdır.
ABŞ Koreya yarımadasında tezliklə genişmiqyaslı müharibə riskini görməsə də, ehtimal olunur ki, Pxenyan 2010-cu ildə etdiyi kimi Cənubi Koreyanın mövqelərinə artilleriya zərbələri endirə bilər. Bu hadisə nəticəsində hər iki tərəfdən hərbçilər, eləcə də mülki şəxslər həlak olmuşdu. Amma atəş tezliklə dayandırılmışdı.
ABŞ nəşri yazır ki, Kim Çen Inın aqressivləşən mövqeyi qanadlı raketlərin buraxılması, yeni raket sınaqları və Cənubi Koreya ilə sülh yolu ilə birləşmə ideyasından imtina etdikdən sonra özünü göstərməyə başlayıb. Mənbənin iddiasına görə, Şimali Koreya liderini ruhlandıran rusiyalı həmkarı Vladimir Putindir.
Eyni zamanda, Amerika rəsmiləri hələlik Şimali Koreyanın böyük müharibəyə hazırlaşdığına dair əlamətləri görmürlər. Xüsusən də Pxenyanın Moskvaya silah-sursat tədarükünün davam etdiyi vaxtda...
“Böyük hərbi əməliyyat planlaşdıran bir lider raket və artilleriya mərmiləri yığmalıdır”, - ABŞ rəsmisi qəzetə deyib.