Şimali Koreya Cənubi Koreyanı özünün dəyişməz əsas düşməni hesab edir və təhlükəsizliyinin tələb edəcəyi fövqəladə vəziyyət yaranarsa, onu ələ keçirməyə hazırdır.
Teleqraf.com xəbər verir ki, bunu Şimali Koreya lideri Kim Çen In deyib.
“Cənubi Koreyanın “marionetkalar”ının ölkəmizin ən azğın və dəyişməz əsas düşməni kimi tanınması və fövqəladə hallarda ərazilərinin ələ keçirilməsinə milli siyasət kimi qərar verilməsi ölkəmizin əbədi təhlükəsizliyi, sülh və sabitliyi üçün ən məntiqli tədbirdir”, - ölkə başçısı bildirib.
Kim Çen In ötən ilin dekabrında söyləmişdi ki, Pxenyan artıq Koreya yarımadasının birləşdirilməsinin dialoq yolu ilə mümkün olduğuna inanmır. Onun sözlərinə görə, iki ölkə artıq bir-birinə qarşı düşmən dövlətə çevrilib.