ABŞ Prezidenti Co Bayden Ağ Evdə keçirdiyi mətbuat konfransında xüsusi prokuror Robert Hurun yeni açıqladığı hesabatı dəyərləndirib.
Teleqraf.com xəbər verir ki, Bayden evində tapılan məxfi sənədlərlə bağlı prokurorluqla əməkdaşlıq etdiyini, müvafiq faylların çoxunun özünün yox, komandasının digər üzvlərinin daşıdığını və gizli dosyeləri bilərəkdən saxlamadığını iddia edib.
“Hesabatda mənə qarşı heç bir ittiham irəli sürülməyib, ən doğrusu da budur”, - prezident vurğulayıb.
Digər tərəfdən, hesabatda yaddaşı və yaşı ilə bağlı bəzi ifadələrdən narahat olduğunu deyən Bayden ruhi durumu və yaddaşının çox yaxşı vəziyyətdə olduğunu bildirib:
“Mənə deyirlər ki, yaddaşım yaxşı deyil, mənim yaddaşım yaxşıdır. Bildirilir ki, oğlumun öldüyü il yadımda deyil, bunu necə edə bilərlər, bunu kim unuda bilər?!”.
Bayden prokuror Hurun hesabatındakı belə ifadələrin həqiqətə uyğun olmadığını qeyd edib.
Yaddaşının yaxşı vəziyyətdə olduğunu bir neçə dəfə təkrarlayan Bayden bundan bir neçə dəqiqə sonra Qəzza ilə bağlı sualı cavablandırarkən yenə yanlışa yol verib:
“Meksika Prezidenti Sisi ilə görüşdüm”.
Baydenin Misir lideri Əbdülfəttah əs-Sisini “Meksika prezidenti” adlandırması Amerikada müzakirə mövzusuna çevrilib.