PKK terror təşkilatının Suriya qanadı SDQ-nin lideri Fərhad Abdi Şahin (Mazlum Kobani) Türkiyə ordusunun PUA hücumlarına görə ABŞ-dən hava hücumundan müdafiə dəstəyini artırmasını istəyib.
Teleqraf.com xəbər verir ki, baş terrorçu ABŞ-dən bölgədən çəkilməyəcəyinə dair zəmanət aldıqlarını da açıqlayıb.
Şahin Suriyanın şimal və şərqində hava hücumundan müdafiənin gücləndirilməsinə ehtiyac duyduqlarını deyib.
Vaşinqtondan yeni müdafiə sistemləri istəyən SDQ neft yataqları və təxminən 900 ABŞ hərbçisinin yerləşdiyi ərazilər də daxil olmaqla Suriyanın önəmli hissəsini nəzarətdə saxlayır.
Mazlum Kobani ABŞ qüvvələrinin bölgədən çəkilmə ehtimalı ilə bağlı iddialara da toxunub.
"ABŞ Dövlət Departamenti, Ağ Ev və Pentaqondan Amerika qüvvələrinin buradan çəkilməyəcəyi və qalacağına dair təminat almışıq", - separatçı bildirib.
Türkiyə uzun müddətdir ABŞ-nin terror təşkilatına dəstək verməsinə etiraz edir. Bunun əvəzinə, Vaşinqton Ankaranın bölgədəki antiterror əməliyyatlarına qarşı çıxır.