12 Fevral 10:38
570
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əsasən müsəlman etnik qrupların məskunlaşdığı Çinin Sincan əyaləti fevralın 1-dən yeni qaydalara tabe olmağa başlayıb. Çində dini ifadəni əhəmiyyətli dərəcədə məhdudlaşdıran qanun qəbul edilib. Bu qanun hökumətin dini ayinlər üzərində nəzarətini gücləndirib, bu, bölgədə dinə nəzarət etmək üçün daha geniş kampaniyanın bir hissəsidir.

Teleqraf.com xəbər verir ki, bu barədə “Atlas” Araşdırmalar Mərkəzinin təhlilində deyilir.

Mərkəzin ekspertləri qeyd edirlər ki, Çində 18 yaşına çatmayanların dini aiynlərdə iştirakı və dini təhsili qadağandır:

“Ölkədəki bütün yeni ibadət yerləri “Çin xüsusiyyətləri və üslubu”na riayət etməlidir. Məscidlərin forması Çin dizaynına uyğun olmalıdır. Bu qanun Sincanda dini azadlıqların aşınması ilə bağlı narahatlığı artırıb. Beynəlxalq təşkilatlar yeni qaydalarla bağlı narahatlıqlarını bildiriblər.

Çin hökuməti 2017-ci ildən bəri Sincanda uyğurlar və digər müsəlman türklərə (uyğurlar) qarşı geniş yayılmış insan haqlarının pozulmasında ittiham olunur. Bunlara məhkəməsiz kütləvi həbslər, işgəncələr, itkin düşmələr, daimi nəzarət, dini və mədəni təqiblər, ailələrdən məcburi qoparmalar, məcburi əmək, cinsi zorakılıq və məcburi sterilizasiya aiddir. Uyğurların “ekstremist” sayılan geyimləri də məhdudlaşdırılıb. Pekin uyğurların toplandığı yerləri “təhsil düşərgələri” kimi qələmə versə də, xarici mənbələr yüz minlərlə insanın həbsdə olduğu qənaətindədir. Çünki xaricdəki uyğurlar ailələri ilə əlaqə saxlamaqda çətinlik çəkirlər.

Beynəlxalq qınaqlara baxmayaraq, Çinin uyğurları güc yolu ilə assimilyasiya etməyə yönəlmiş siyasəti dəyişməzdir. Sincanda internetə də nəzarət gücləndirilib. İnternet üzərindən yazışmalar və onlayn toplantılar yerli idarəetmə strukturları tərəfindən tam nəzarətə götürülüb”.

Məqalədə vurğulanır ki, Çin Kommunist Partiyası Sincan əyalətinin siyasi, sosial və dini həyatını tam nəzarətə götürüb:

“Pekin qaydaları sərtləşdirməklə əyalətdə yaşayan türk və digər etnik qrupların mümkün etirazlarını qarşısının aldığını düşünür. Pekin hesab edir ki, buna görə beynəlxalq təzyiqlə üzləşməyəcək. Çünki dövlətlərin əksəriyyətinin Çinlə iqtisadi münasibətlərə ehtiyacı var. Pekin bu amildən daxildə nəzarəti gücləndirməklə öz məqsədləri üçün istifadə edir. Buna baxmayaraq, BMT-nin 2022-ci ildə hesabatında Çin hakimiyyətinin Sincan əyalətində insan haqlarını kobud şəkildə pozduğu iddia edilir, bu da bəşəriyyətə qarşı cinayət kimi qiymətləndirilir”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər