18 Mart 10:29
1 402
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prezident seçkilərində qazandığı qələbədən sonra Rusiya lideri Vladimir Putin bütün dünyanın olmasa da, Avropanın həyatını dəyişməyə qadir olduğunu sübuta yetirir.

Teleqraf.com xəbər verir ki, bu barədə britaniyalı jurnalist Mark Bennetts “The Sunday Times” üçün yazır.

“Rusiya lideri üçün müharibə siyasi baxımdan salamat qalmaq məsələsidir. Əgər qəti qələbə qazanmadan qoşunlarını geri çəksə, ölkə daxilində ciddi reaksiya, hətta müharibə tərəfdarlarının silahlı qiyamı ilə üzləşə bilər. Həmçinin müharibənin bitməsi onun Rusiyanın ən uğurlu hərbi liderlərindən biri kimi xatırlanmaq ümidinə ciddi təsir göstərəcək”, - jurnalist bildirir.

Bennetts qeyd edir ki, ABŞ-dən Ukraynaya yardımın ləngiməsi və Avropa Birliyindən artilleriya mərmilərinin tədarükü ilə bağlı problemlər Putinin qələbəyə inamını artırıb.

Britaniyalı jurnalist Rusiya liderinin keçmiş SSRİ-ni bərpa etmək səylərinə və bu çərçivədə baş verəcək mümkün proseslərə də diqqət çəkir:

“Yaxın 6 ildə Dnestryanının (Moldova) gərginlik mərkəzinə çevrilməsi mümkündür. Putin Ukraynada qələbə qazanacağı təqdirdə Estoniya, Latviya və Litvaya keçə bilər”.

Bennettsin fikrincə, Putin nüvə təhdidlərindən adətən Qərbdən Ukraynaya silah tədarükünə mane olmaq üçün istifadə edir. Bununla belə, bir çoxları nüvə silahları olmasa da, bunlara yaxın kiçik taktiki döyüş başlıqlarından istifadənin mümkünlüyünə inanırlar.

“Putinin niyyətlərini təxmin etmək çətin olsa da, onun Rusiyanın nəhəng arsenalının dağıdıcı gücünə aşiq olması o deməkdir ki, qorxunc nüvə münaqişəsi ssenarisini istisna etmək olmaz”, – jurnalist əlavə edir.


Müəllif: Mənsur Rəğbətoğlu