Azərbaycanla Ermənistan arasında sərhədlərin dəqiqləşməsi istiqamətində ilk addım atılıb. Tarixdə ilk dəfə olaraq iki ölkənin sərhədini müyyənləşdirən sərhəd dirəyi basdırılıb. Ermənistanın nəzarətində olan 8 kənddən 4-nün, yəni anklav olmayan yaşayış məntəqlərinin təhvil verilməsi ilə bağlı razılıq əldə olunub. Bu, nəhayət uzun on illiklərdən sonra iki ölkə arasında atılmış müsbət xarakterli addımdır.
Bunu Teleqraf.com-a politoloq Zərdüşt Əlizadə deyib.
O qeyd edib ki, Azərbaycan Prezidentinin Füzuli Beynəlxalq Aeroportundan birbaşa Almaniyaya səfəri də tarixi əhəmiyyət kəsb edir:
“Bu, azad edilmiş ərazilərin inteqrasiyası deməkdir. Eyni zamanda Ermənistanın Azərbaycandan qaz alması ilə bağlı məsələlər gündəmdədir. İqtisadi cəhətdən bu, vacib amildir”.
Politoloq hesab edir ki, hazırda Azərbaycanla Ermənistan arasında sülh müstəvisində proseslər yekunlaşmaq üzrədir:
“Almaniya kimi ölkələrin isə bu prosesdə yer alması real görünmür. Azərbaycan-Almaniya münasibətləri normal olsa da, Berlinin bundan sonra edə biləcəyi heç nə qalmayıb”.
Zərdüşt Əlizadə ehtimal edir ki, Azərbaycanda keçiriləcək COP29-da Nikol Paşinyanın iştirakı mümkündür:
“Güman var ki, Azərbaycan tərəfi Paşinyana dəvət göndərəcək. Paşinyanın da gəlib bu tədbirdə iştirakına heç bir şübhə yoxdur. Onun COP29-da iştirakı heç də Azərbaycanla Ermənistan arasında imzalanacaq çərçivə sülh sazişi ilə bağlı deyil. Çünki COP29 həm də sülh tədbiridir”.