Macarıstan və Almaniya NATO qoşunlarının Ukraynaya göndərilməsi ideyasını rədd edib.
Teleqraf.com xəbər verir ki, bu barədə iki ölkənin hökumətlərinin birgə bəyanatında deyilir.
Macarıstan xarici işlər naziri Peter Siyarto Budapeştin Kiyevə silah və ya qoşun göndərmək istəmədiyini və bu məsələdə mövqeyinin möhkəm olduğunu deyib.
Almaniya Kansleri Olaf Şolz da bəyan edib ki, Ukraynada təkcə alman yox, heç Avropa və ya NATO hərbçiləri də olmayacaq.
“Əvvəldən razılaşdığımız şey gələcəyə də aiddir, yəni Ukrayna ərazilərində quru qoşunları olmayacaq. Avropa və NATO ölkələri hərbçilərini ora göndərməyəcək”, - kansler vurğulayıb.
Ukraynaya Qərb hərbi qüvvələrinin göndərilməsi ideyası Fransa Prezidenti Emmanuel Makrona məxsusdur. Onun sözlərinə görə, NATO liderlərinin görüşü zamanı digər məsələlərlə yanaşı, iştirakçıların öz qoşunlarının Ukraynaya göndərilməsi məsələsini də müzakirə ediblər.
Məlumatı Polşa prezidenti Andjey Duda da təsdiqləyib. O qeyd edib ki, müzakirə qızğın keçib, amma öz ordularını Ukraynaya köməyə göndərəcək həvəskarlar yoxdur. Yeri gəlmişkən, Polşa ilə yanaşı, İtaliya, İsveç, Slovakiya, Böyük Britaniya və Çexiya da Fransa liderinin təklifinə qarşı çıxıb. NATO baş katibi Yens Stoltenberq də alyansın Ukraynaya qoşun yeritməyi planlaşdırmadığını açıqlayıb.
Kreml bildirib ki, Qərb qoşunlarının Ukraynaya göndərilməsi Rusiya ilə NATO arasında birbaşa qarşıdurma demək olacaq.