27 Mart 14:10
717
12 Punto 14 Punto 16 Punto 18 Punto

PKK terror təşkilatı Türkiyə ordusundan aldığı ağır zərbələrin intiqamını Avropa ölkələrində türklərə hücumlar təşkil etməklə almağa çalışır.

Teleqraf.com xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.

Ekspert xatırladıb ki, Türkiyə 1984-cü ildən bu yana terrorçu PKK təşkilatı ilə mübarizə aparır:

“PKK uzun illər Türkiyə ərazisində terror əsdirib, xəndəklər qazıb, yollar kəsib, partlayışlar törədib, polis və hərbçiləri pusquya salıb, bunlar da minlərlə insanın həlak olmasına gətirib çıxarıb. Türkiyə son illərdə inkişaf etdirdiyi hərbi texnologiyalar sayəsində PKK-ya dəqiq zərbələr endirir. PKK-nın Türkiyə daxilində fəaliyyət imkanları xeyli daralıb.

Türkiyə ordusu qonşu Suriya və İraqda da terrorçularla mübarizə aparır, onların bu ölkələrdəki məntəqələrinə və ayrı-ayrı üzvlərinə dron zərbələri endirir.

PKK Türkiyə ordusundan aldığı ağır zərbələrin intiqamını Avropa ölkələrində türklərə hücumlar təşkil etməklə almağa çalışır. Bu, 1990-cı illərin sonunu xatırladır. PKK lideri Abdullah Öcalan həbs olunaraq Ankaraya gətirildikdən sonra terrorçular Avropa ölkələrində Türkiyə səfirlikləri və türklərin restoranlarına hücumlar təşkil edirdilər. Ancaq bir müddət sonra terrorçular dayandılar. Çünki onlara dəstək verən Avropadakı mərkəzlər PKK tərəfdarlarını başa saldılar ki, onların türklərə hücumları həmin ölkələrin sabitliyini pozur və buna seyirçi qala bilməyəcəklər. PKK yandaşları da Avropadakı bir qrup mərkəzin maliyyə dəstəyindən məhrum olmamaq üçün təxribatlarına ara verdilər. Bu dəfə də belə olacaq.

Avropadakı eyni mərkəzlər PKK yandaşlarına sabitliyi pozmamaq əmrini verdikdən sonra terrorçular dayanacaqlar. Əks halda Avropa ölkələrindəki PKK yandaşlarına qarşı türklər müqavimət qrupları yaradacaqlar”.


Müəllif: Mənsur Rəğbətoğlu