Avropa Birliyi (AB) Gürcüstanın hakim “Gürcü Arzusu” Partiyasının “xarici agentlər haqqında” qanunu yenidən gündəmə gətirmək qərarı ilə bağlı ciddi narahatlığını bildirib.
Teleqraf.com xəbər verir ki, bu barədə AB-nin Gürcüstandakı səfirliyi məlumat yayıb.
“Hakim partiyanın “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsini yenidən təqdim etmək qərarı ciddi narahatlıq doğurur. Avropa Birliyi 2023-cü ilin martında sərt ictimai və beynəlxalq reaksiyalara baxmayaraq, layihənin yenidən nəzərdən keçirilməsindən kədərlənir”, - açıqlamada deyilir.
Nümayəndəliyin fikrincə, Gürcüstanın AB-yə daxil olmasında vətəndaş cəmiyyətini təmsil edən təşkilatlar üçün əlverişli şəraitin yaradılması həlledici rol oynayır. AB xatırladır ki, Avropa Komissiyası konkret tələblərin yerinə yetirilməsi şərtilə 2023-cü ilin noyabrında ölkəyə namizəd statusuna zəmanət verib. Xüsusilə, Gürcüstan vətəndaş cəmiyyəti üçün əlverişli iş şəraiti yaratmalı, AB ilə bağlı dezinformasiyaya qarşı mübarizə aparmalıdır. Brüssel ölkə siyasətçilərini AB-yə üzvlüklə bağlı elan edilmiş məqsədlərə xidmət edəcək islahatları həyata keçirməyə çağırır. Tiflisə demokratiya, qanun və insan haqlarının aliliyi xatırladılıb.
Bundan əvvəl hakim partiyanın icraçı katibi Mamuka Mdinaradze qanun layihəsinin ikinci dəfə təqdim olunduğunu açıqlayıb. Bu, belə bir təşəbbüsün kütləvi etirazlara səbəb olmasından bir il sonra baş verib. Mdinaradze qeyd edib ki, layihənin mətni 2023-cü ildə olduğu kimi qalacaq, amma “xarici təsir agenti” ifadəsindən istifadə edilməyəcək. Əvəzində “xarici gücün maraqlarını müdafiə edən təşkilat” anlayışı qeyd olunacaq. Əsas səbəb xaricdən maliyyələşən qeyri-hökumət təşkilatlarının gəlirlərini əvvəlki kimi təqdim etməmələridir. Onlar tez-tez şikayətlərin əsas hərəkətverici qüvvəsinə çevrilirlər.
Ötən il layihənin parlamentə təqdim edilməsi kütləvi etirazlara səbəb olmuşdu. Hökumət etirazların miqyasının artmasından sonra projeni geri götürməyə məcbur olmuşdu.