ABŞ Prezidenti Co Bayden aprelin 10-da Vaşinqtonda Yaponiya Baş naziri Fumio Kişida ilə görüşdə iki ölkə arasında iqtisadi-hərbi əlaqələrin gücləndirilməsi mövzularını müzakirə edib. Bu, Yaponiya baş nazirinin son 9 ildə ABŞ-a ilk rəsmi səfəri idi.
Teleqraf.com xəbər verir ki, bu barədə “Atlas” Araşdırmalar Mərkəzinin təhlilində deyilir.
Məqalədə qeyd olunur ki, Kişidanın səfərində əsas məqsəd Yaponiyanın AUKUS (Avstraliya, Britaniya və ABŞ) ittifaqına daxil olmasıdır:
“Yaponiya üç qonşusunun - Çin, Şimali Koreya və Rusiyanın regional siyasətindən narahatlığını gizlətmir. Buna görə də Kişida ölkəsinin təhlükəsizlik təminatının gücləndirilməsinə çalışır. Bunun yolu isə Yaponiyanın ABŞ ilə hərbi ittifaqını gücləndirməsindən keçir.
Tokio bu il ABŞ-də keçiriləcək prezident seçkisinin nəticələrindən də narahatdır. Tokioda hesab edirlər ki, Donald Tramp qələbə qazanarsa, bu, Amerikanın Yaponiyanın təhlükəsizliyinə marağının azalmasına səbəb ola bilər. Buna görə də Tokio indidən Vaşinqtonla razılaşmağa çalışır ki, Tramp prezident olsa belə, həmin razılaşmalardan imtina edə bilməsin.
Yaponiya ABŞ Konqresində də lobbi fəaliyyətini gücləndirib. Respublikaçılar və Demokratlar partiyaları Yaponiyaya dəstəyin artırılmasının əleyhinə deyil. Bu mənada Tramp prezident seçilərsə və Tokioya dəstəyi azaltmağı planlaşdırarsa, Konqres bunun əleyhinə çıxacaq.
Tokio Asiyada balansın tədricən Çinin xeyrinə dəyişdiyini müşahidə edir. Bu, Yaponiyanın narahatlığını daha da artırıb. Çin Yaponiya ilə hesablaşmır. Tokio Çinin kiberhücumlarından da əziyyət çəkir. Yaponiyanın hərbi gücü Çini qorxutmur. ABŞ-nin Yaponiyada hərbi bazaları var. Tokio Yaponiya ordusunun həmin bazalardakı amerikalı hərbçilərlə sıx əməkdaşlığının artırılmasını istəyir. İki ölkə arasında hərbi texnikanın birgə istehsalı da müzakirə predmetidir. ABŞ Yaponiyaya “Patriot” raketlərini satmağı planlaşdırır”.
Mərkəzin ekspertləri qeyd edirlər ki, Yaponiya İkinci Dünya müharibəsindən sonra təhlükəsizlik siyasətini gücləndirməyə qərar verib:
“Yaponiya büdcəsində hərbi xərclər artırılacaq. ABŞ İkinci Dünya Müharibəsində məğlub olan Yaponiyaya güclü ordu saxlamaq və təhlükəsizliyə böyük maliyyə xərcləməyi qadağan etmişdi. Ancaq hazırda dünyada baş verənlər, o cümlədən Çin, Rusiya və Şimali Koreyanın bölgə üçün yaratdığı təhlükələrdən çıxış edən Vaşinqtonun özü Yaponiyaya ordusunu gücləndirməyi və təhlükəsizlik sisteminə daha çox maliyyə xərcləməyi məsləhət görüb”.