Paris Ədliyyə Məhkəməsinin Terrorla Mübarizə İdarəsi 2020-2024-cü illərdə PKK terror təşkilatı ilə bağlı cinayətlərlə əlaqədar istintaqa başlayıb.
Teleqraf.com xəbər verir ki, bu barədə Fransa Baş Prokurorluğu məlumat yayıb.
İstintaq terror aktına hazırlaşan cinayətkar qruplaşmaya qoşulma, terror təşkilatını maliyyələşdirmə, PKK ilə əlaqəli şəkildə mütəşəkkil dəstə halında pul tələb etmə maddələri ilə başlayıb.
Fransada aparılan istintaq çərçivəsində 8 nəfər saxlanılıb.
Qonşu Belçikada PKK-nın təbliğatını aparan “Sterk TV” və “Medya Haber TV”nin istifadə etdiyi ofislərdə aparılan axtarışlar Fransanın müraciəti əsasında həyata keçirilib. Əməliyyat zamanı ofislərdə axtarış aparılıb, kompüterlər və çoxlu sayda sənədlər müsadirə edilib.
Fransa mart-aprel aylarında 3 terrorçusunu Türkiyəyə təhvil verib.
PKK terror təşkilatı ötən ilə Parisdə kütləvi etirazlarla müşayiət olunan gərginliyə səbəb olmuşdu.