Gürcüstan Baş naziri İrakli Kobaxidze ölkə Prezidenti Salome Zurabişvilini “satqın” adlandırıb.
Teleqraf.com xəbər verir ki, baş nazir prezidenti “dövlətin milli maraqlarına xəyanət”də ittiham edib.
“Ən acınacaqlısı odur ki, hələ də qanuni olaraq Gürcüstan prezidenti adlandırılan şəxs sözün əsl mənasında satqındır. Birbaşa Gürcüstanın milli maraqlarına xəyanət edir”, - Kobaxidze deyib.
Onun sözlərinə görə, Zurabişvilinin ölkə prezidenti postunu tutması da üzücüdür. Kobaxidze buna görə gürcü xalqından üzr istəyib.
Hakim “Gürcü Arzusu” Partiyasının rəhbərlik etdiyi hökumətlə prezident arasında fikir ayrılığı ötən il Zurabişvilinin hökumətin icazəsi olmadan Avropa turnesinə çıxması ilə başlayıb. Ziddiyyətlər son günlər hakim partiyanın ölkə parlamentində “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsini müzakirə etməsi ilə daha da kəskinləşib. Prezident də, Gürcüstan müxalifəti də bunu “Rusiya qanunu” hesab edir.