Ukraynaya Rusiya ərazisinə Qərb silahları ilə zərbələr endirməsinə icazə verilsə, Baltikyanı ölkələr – Latviya, Litva və Estoniya təhlükə altında qalacaq.
Teleqraf.com xəbər verir ki, bu barədə “The Times” yazır.
Britaniya nəşrinə görə, bu, həmin durumda Rusiyanın əl atacağı variantlardan biridir. Digər ehtimallara Rusiyada tam səfərbərlik, casuslar vasitəsilə Avropa ölkələrində təxribat və mümkün nüvə zərbələri daxildir.
Baltikyanı ölkələrə gəlincə, mənbə qeyd edir ki, Moskva NATO-nun 5-ci maddəyə sadiqliyini yoxlamaq üçün regionda hərbi əməliyyata başlaya bilər.
Litva xarici işlər naziri Qabrielus Landsberqis bir müddət əvvəl demişdi ki, ölkəsi Rusiyanın qonşu Belarusu regionda aranı qarışdırmağa məcbur edəcəyindən narahatdır. Nəşr xatırladır ki, Belarus lideri Aleksandr Lukaşenko martda komandirlərdən birindən rəhbərlik etdiyi qoşunların Estoniya, Latviya və Litvanın Avropadakı müttəfiqləri ilə quru əlaqələrini kəsmək və Rusiyanın nəzarətinə vermək üçün Suvalk dəhlizini ələ keçirə bilib-bilməyəcəyini soruşmuşdu.
“Rusiyanın nəyəsə nail ola biləcəyinə dair əlamətlər var. Moskva bu yaxınlarda Baltik dənizindəki sərhədlərini birtərəfli qaydada bağlayacağını bildirsə də, sonra tez geri çəkildi. İsveç həmçinin Rusiyanın strateji əhəmiyyətli Qotland adasını ələ keçirməyə cəhd edə biləcəyi barədə xəbərdarlıq edib”, - məqalədə vurğulanır.