Rusiya hər gün ölkə və vətəndaşlarına tətbiq etdiyi sanksiyalara görə ABŞ və müttəfiqlərinə maksimum zərər vurmağa çalışmalıdır.
Teleqraf.com xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev deyib.
“Bundan sonra onların iqtisadiyyatlarının kritik zəif yerlərini müəyyən etmək və bütün sahələrdə vurmaq lazımdır. Hər yerdə ziyan vurmaq - şirkətləri və dövlət qurumlarının işini iflic etmək. Enerji, sənaye, nəqliyyat, bank və sosial xidmətlərini sözün əsl mənasında məhv etmək...”, - Medvedev Teleqram kanalında yazıb.
Onun sözlərinə görə, Rusiya nüvə silahları istisna olmaqla, bütün mümkün silah növlərini Qərbin düşmənlərinə təhvil verməli və kosmosda savaşa başlamalıdır. Medvedev həmçinin Qərb ölkələrinin böyük şəhərlərində kütləvi iğtişaşlar təşkil etməyə çağırıb.
“Sosial partlayışlardan qorxurlar. Gəlin bunları təşkil edək”, - Rusiya rəsmisi vurğulayıb.
Medvedev qeyd edib ki, ABŞ və müttəfiqlərinin həyatı kabusa çevrilməlidir: “Düşmən üçün qayda yoxdur”.
Sədr müavini hesab edir ki, Rusiyaya zərər verən və vermək istəyən hər kəs cavabını ağrılı şəkildə almalıdır.