Rusiya ordusu gecə saatlarında müxtəlif növ raketlər və “Şahid” tipli PUA-lardan (İran istehsalı) istifadə etməklə Ukraynaya zərbələr endirib.
Teleqraf.com xəbər verir ki, bu barədə Ukrayna Hərbi Hava Qüvvələri məlumat yayıb.
Ruslar ümumilikdə 31 hava hücumu vasitəsi, 14 hava-yer tipli raket və 17 zərbə PUA-sından istifadə edib.
Saratov vilayətindən qalxan Tu-95 strateji aviasiya təyyarəsindən 10 ədəd X-101 və X-555 qanadlı, Tambov vilayətindən də 1 ədəd “Kinjal” aeroballistik raketi atılıb. Krım və Krasnodardan “İskəndər-M” ballistik raketləri ilə 3 dəfə zərbə endirilib.
Ukrayna ərazisinə atılan “Şahid” PUA-ları Yeysk şəhərindən qalxıb.
Rusiyanın hava hücumları Ukrayna Hərbi Hava Qüvvələrinin aviasiya, zenit-raket bölmələri, mobil atəş qrupları və elektron vasitələri ilə dəf edilib.
Xmelnitski, Xarkov, Nikolayev, Odessa, Zaporoje, Dnepropetrovsk və Kirovoqrad vilayətlərində 24 hava hədəfi vurulub:
7 ədəd X-101 və X-555 qanadlı raketi;
17 “Şahid” dronu.