24 İyun 10:34
3 232
12 Punto 14 Punto 16 Punto 18 Punto

İranın keçmiş prezidenti Həsən Ruhaninin hakimiyyəti dönəmindəki kabinet üzvləri ilə iclasda verdiyi bəyanat internet saytında dərc olunub.

Teleqraf.com xəbər verir ki, toplantıda 2020-ci ilin noyabrında nüvə alimi Möhsün Fəxrizadənin öldürülməsindən dərhal sonra parlament tərəfindən təsdiqlənən və nüvə fəaliyyətlərinin sürətləndirilməsini məcbur edən “Strateji Fəaliyyət Qanunu” tənqid edilib.

Avropa Birliyinin (AB) vasitəçiliyi ilə İran və ABŞ arasında aparılan nüvə danışıqlarına işarə edən Ruhani müzakirələrin 2021-ci ilin aprelində yekunlaşdığını, amma Ali Milli Təhlükəsizlik Şurasında yalnız bir nəfərin buna qarşı çıxdığını, həmin şəxsin hazırda prezidentliyə namizəd olduğunu deyir.

Digər tərəfdən, Ruhani Təhlükəsizlik Şurasının razılaşmanın yenidən həyata keçirilməsinə qərar verdiyini vurğulayaraq, parlamentin təsdiqlədiyi qanuna görə bunun həyata keçirilə bilməyəcəyini iddia edir.

Ruhani qeyd edir ki, bu səbəbdən ölkə 300 milyard dollar itirib: “Parlamentin strateji qanunu İran tarixindəki ən pis qanundur. Bizdə bundan pis qanun olmayıb. Bu, 12-ci hökuməti iflasa uğratmaq üçün hazırlanmış sui-qəsddən başqa bir şey deyildi”.

2021-ci ilin aprelində İranla nüvə sazişi imzalayan tərəflər arasında başlayan müzakirələr ABŞ və Tehran arasında bir sıra fikir ayrılıqları səbəbindən 2022-ci ilin sentyabrında dayandırılıb.

İranda prezident seçkiləri iyunun 28-də keçiriləcək, ölkənin siyasi lideri postu uğrunda 6 namizəd yarışır. Ruhaninin açıqlamasının bu kontekstdə verildiyi iddia olunur.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər