27 İyun 15:29
907
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tehran meri Əlirza Zəkani öz namizədliyini digər iki mühafizəkar namizədin - parlamentin sədri Məhəmməd Baqir Qalibaf və dini liderin nümayəndəsi Səid Cəlilinin xeyrinə geri götürüb.

Teleqraf.com xəbər verir ki, o, bu barədə X sosial şəbəkəsində yazıb.

“Mərhum Rəisinin xəttini davam etdirmək daha vacibdir. Mən Cəlili və Qalibafdan xahiş edirəm ki, inqilabi qüvvələrin haqlı tələblərini cavabsız qoymasınlar və Ruhaninin üçüncü hökumətinin qurulmasına imkan verməsinlər”, - Zəkani bildirib.

2013-2021-ci illərdə İranın prezidenti olan Həsən Ruhani islahatçı qanada daxildir. Keçmiş səhiyyə naziri, Azərbaycan əsilli Məsud Pezeşkiyan sabah keçiriləcək prezident seçkilərində həmin siyasi qanaddan yeganə namizəddir.

Namizədliyini geri götürən Tehran meri ümidvar olduğunu bildirib ki, həm Cəlili, həm də Qalibaf qalib gəlsə, haqq və xalqın tərəfində olacaqlar.

Qeyd edək ki, Zəkanidən əvvəl İranın vitse-prezidenti Əmir Hüseyn Qazizadə Haşimi də namizədliyini geri götürdüyünü açıqlayıb.

İran analitik mərkəzlərinin bütün seçki kampaniyası boyu keçirdiyi rəy sorğularının son nəticələrinə görə, seçkiqabağı yarışda lider islahatçı Pezeşkiyandır. Mühafizəkarlar Cəlili və Qalibaf müvafiq olaraq ikinci və üçüncü yerlərdədir.


Müəllif: Mənsur Rəğbətoğlu