Aclıq və Yoxsulluğa Qarşı Qlobal Alyans yaradılır.
Teleqraf.com xəbər verir ki, bu barədə Braziliya Prezidenti Luiz İnasio Lula da Silva deyib.
Braziliyanın G20-yə sədrliyi çərçivəsində İyirmilik Qrupuna qrupuna daxil olan ölkələrin maliyyə nazirlərinin və mərkəzi bank rəhbərlərinin iyulun 25-26-da Rio-de-Janeyroda keçirilən toplantısında çıxış edən Luiz İnasio Lula da Silva bu təşəbbüsün dünyada aclığa son qoymaq məqsədi daşıdığını bildirib.
“Ofisləri Roma və Braziliya şəhərlərində yerləşəcək Alyans Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) katibliyi tərəfindən idarə olunacaq. Onun strukturu kiçik, səmərəli və müvəqqəti olmaqla ixtisaslaşmış kadrlardan formalaşacaq. Xərclərin yarısını Braziliya tərəfi ödəyəcək”, - deyə Prezident qeyd edib.
Sözügedən təşəbbüs noyabrın 18-19-da G20 liderlərinin qatılacağı sammitdə rəsmi olaraq təqdim ediləcək. Təşəbbüs dünyada aclığın və yoxsulluğun aradan qaldırılması məqsədilə siyasətin həyata keçirilməsi üçün siyasi dəstək, maliyyə resursları və texniki təcrübə təmin etmək məqsədi daşıyır. Bildirilir ki, təşəbbüsün maliyyə mənbələrindən biri dünyanın ən zəngin insanlarının vergiyə cəlb olunmasıdır.