7 Avqust 15:52
708
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hakim “Gürcü Arzusu” Partiyası Gürcüstan Prezidenti Salome Zurabişviliyə partiyanın fəxri sədri Bidzina İvanişvili ilə debat imkanı verməyib.

Teleqraf.com xəbər verir ki, bu barədə Rusiyanın “Exo Kavkaza” portalı məlumat yayıb.

İvanişvilini debata prezident dəvət edib. O, həmçinin müxalifətə gələcək texniki hökumətin tərkibini seçkilərə qədər müəyyənləşdirməyi təklif edib. Həmin hökumət Gürcüstanın Avropa Birliyinə üzvlüyü ilə bağlı dialoqa başlamaq üçün Brüsselin 9 tövsiyəsini yerinə yetirməlidir. Verdiyi mesajlara görə prezident “Gürcü arzusu”nun tənqid və təhqir hədəfinə çevrilib.

“Çəkisi çox az olan siyasətçi Bidzina İvanişvili kimi ağırçəkili və nüfuzlu siyasi-ictimai xadimi debata dəvət edə bilməz. O debat baş tutmayacaq”, - hakim partiyanın deputatı Beka Odişariya Zurabişvilinin təklifinə cavab olaraq bildirib.

Hakim partiyanın digər nümayəndələri də təklifi qeyri-ciddi hesab ediblər. Parlamentin spikeri Şalva Papuaşvili dövlət başçısını Gürcüstan Konstitusiyasını pozmaq və seçkiqabağı kampaniyada iştirakda günahlandırıb.

Parlament çoxluğunun deputatı Aluda Quduşauri prezidentə daha sərt təpki göstərib. Deputat Zurabişvilini “istedadsız və müxalifətin aşağı təbəqəli təbliğatçısı” adlandırıb.

Avropa Parlamenti “Kremlə bağlı oliqarx” adlandırdığı, Gürcüstanda demokratiyanın inkişafına mənfi təsir göstərməkdə ittiham etdiyi Bidzina İvanişviliyə sanksiya tətbiq etməyə çağırıb.

Ötən il İvanişvili rəsmən siyasətə qayıdıb və geniş səlahiyyətlərlə “Gürcü arzusu”nun fəxri sədri olub. Gürcüstan hökuməti onun prezidentliyinə namizədliyini irəli sürə biləcəyini istisna etməyib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər