Rusiya rəhbərliyinin Ukrayna ordusunun hədəfində olan Kursk vilayəti ilə bağlı iki seçimi var.
Teleqraf.com xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.
Ekspert döyüşlərin davam etdiyi Kursk vilayətindəki son duruma diqqət çəkib:
“24 il əvvəl avqustun 12-də Rusiyanın “Kursk” sualtı gəmisi batdı, 120-yə yaxın dənizçi həlak oldu. Gəminin batma səbəbi kimi birinci bölmədə raketin texniki səbəbdən partlaması göstərildi. Dənizçilərin bir qrupu batan gəminin digər bölmələrində hələ sağ ikən Kreml həmin ərazidə üzən NATO gəmilərinin kömək təklifindən imtina etdi. Nəticədə zaman itirildi və o biri bölmələrdə sağ qalanlar da həlak oldu.
Üstündən 24 il keçdikdən sonra Kreml növbəti Kursk faciəsiylə üzləşib, bu dəfə ərazilər itirilib, ölənlərin sayı da çoxdur.
Kreml iki çətin seçim qarşısındadır. Birinci seçim Ukraynanın şərqində döyüşən birlikləri Rusiya ərazilərinin azad olunmasına cəlb etməkdir, amma bu halda Ukrayna ordusu üçün əks-hücum imkanı yaranacaq. İkinci seçim isə müharibədə iştirak etməyən hərbi mükələfiyyəti olan gəncləri Kursk ətrafının azad olunmasına göndərməkdir. Bu halda Rusiyanın itkisi daha çox olacaq, çünki döyüş qabiliyyəti olmayan gənc ruslar peşəkar ukraynalı hərbçilərlə üz-üzə qalacaq, ya öləcəklər, ya da daha əvvəl olduğu kimi təslim olacaqlar. Kreml hələlik ikinciyə üstünlük verir, ancaq nəticə yoxdur.
Ukrayna ordusu gün ərzində Rusiya ərazisində xeyli irəliləyib”.